Azərbaycan Dövlət Aqrar Universiteti yeni “Aqrar Məsləhət Xidməti”ni təqdim edir. Ali təhsil müəssisəsi kənd təsərrüfatı məhsullarının istehsalı sahəsindəki mövcud problemləri öyrənərək, onların aradan qaldırıması istiqamətində iş aparmağı hədəfləyir ki, yaradılan Xidmət də bu istiqamətdə vasitəçi rolunu oynayacaq.
Azərbaycan Dövlət Aqrar Universitetində qurulan yeni laboratoriya və klinikalar, tədrisin keyfiyyətinin artırılması ilə bərabər, müasir analizlərin aparılmasına da imkan yaradır. Bu imkanlardan istifadə edərək, Respublikada kənd təsərrüfatı məhsullarının istehsalı sahəsindəki mövcud problemləri öyrənmək, onların aradan qaldırıması istiqamətində iş aparmaq mümkündür. Fermerlərin istifadəsinə verilən ADAU-nun yeni Aqrar Məsləhət Xidməti də məhs bunu hədəfləyir.
Vüqar Bəşirov - AMX-nin rəhbəri: “Məsələn, torpaqda qida maddələrinin miqdarı, makroelementlər, mikroelementlər, torpağın turşuluğu, qələviliyi, duzluluğu, gübrə normalarını hesablamaqda onlara köməklik göstərə bilərik. Hansı gübrəni hansı zaman versin? İstixanada hansı gübrələrdən istifadə oluna bilər, damlama-suvarmada hansı gübrə daha çox xeyir verə bilir? Xəstəliklərin üzə çıxarılması və sair. Bu kimi bir sıra problemlərin həllində onlara məsləhətlər verə bilərik”.
Yeni fəaliyyətə başladığından Aqrar Məsləhət Xidmətinə hələlik əsasən qərb bölgəsində fəaliyyət göstərən fermerlər müraciət edirlər. Lakin Xidmətin məqsədi bütün Respublikanı əhatə etməkdir. İbrahim Cəfərov - ADAU-nun rektoru: “Azərbaycanın istənilən bölgəsindən fermer müraciət edib, problemlərini qoya bilər və online şəkildə bizdən məsləhət ala bilər. Lazım olduğu təqdirdə ADAU-nun bütün imkanları varki, alimlər həmin yerdə olsunlar və məsələni elə yerindəcə həll etsinlər”.
Bunu nəzərə alaraq, Aqrar Məsləhət Xidmətinin əməkdaşları Respublikanın bölgələrinə səfər edərək, fermerlərlə də görüşürlər. Müxtəlif ərazilərdəki problemlərlə yerində tanış olub, onun aradan qaldırılması istiqamətində iş aparır, məsləhət və təkliflərini verirlər.
Vüqar Bəşirov - AMX-nin rəhbəri: “Yerlərdə fermerlərlə müzakirə daha maraqlı olur. Çünki biz də onlardan öyrənirik bəzən. Hərdən yerlərdə qeyri-standart vəziyyət olur. Məsələn müəyyən vəziyyətdə, bu və ya digər zərərverici özünü bir az fərqli apara bilir. Bu da bizim üçün bir yenilik olur. Biz gəlirik, onu araşdırırıq və növbəti dəfə həmin yerə məhz o araşdırmaların nəticələri ilə qayıdırıq”.
Fermer və təsərrüfat sahibləri Aqrar Məsləhət Xidmətinə universitetin Aqronomluq fakültəsinə gəlməklə və ya sosial şəbəkə vasitəsilə müraciət edə bilər.
- Baxış: 662