Qəzəblə qalxan, zərərlə oturar. Göygöl sakininin zərərinin yanına bir də vicdan əzabı əlavə olunur. Çünki o, bu dünyanın ən müqəddəs varlığı - anaya əl qaldırdı. Onu bu dünyaya gətirib həyat verən qadını bıçaqlamaqdan çəkinmədi. Təəssüf ki, qəzəbdən yanan əllərin soyuq silaha uzanması faktları bununla yekunlaşmır.
Göygöl rayonunun Qarabağ küçəsində qanlı hadisə baş verib. Ana ilə mübahisə edən oğul sonda onu bıçaqlayıb. Nəticədə ağır bədən xəsarətləri alan 60 yaşlı Möhtəbər Yusibova Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Əməliyyat edilən qadının vəziyyətinin ağır olduğu bildirilir.
Hadisəni törədən şəxs tapılaraq istintaqa təhvil verilib. Gəncədə də bıçaqlanma olub. Şəhər sakini 25 yaşlı Emin Rzayev xəsarətlə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir. Yaxınlarının dediyinə görə, Emin Rzayevi həyat yoldaşının qohumu mübahisə zəminində bıçaqlayıb. Daha bir analoji fakt Balakəndə qeydə alınıb. Şəhər sakini 29 yaşlı Ruslan Şıxıyev qarının ön divarının kəsilmiş-deşilmiş yarası ilə Balakən Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Zərərçəkənin üzərində cərrahiyə əməliyatı aparılıb, müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir. Faktlarla bağlı araşdırma aparılır.
Xaliq Qurbanlı
- Baxış: 996