Dövlət Sərhəd Xidmətinin Horadiz sərhəd dəstəsinin Füzuli rayonu Kərimbəyli kəndində yerləşən sərhəd zastavasının xidməti sahəsində İran istiqamətində naməlum şəxslərin ayaq izləri aşkar olunub. Dərhal həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində 5 nəfər sərhəd pozucusu saxlanılıb. Onlardan 4 qadının Özbəkistan vətəndaşı və 1 nəfərin onlara bələdçilik edən Azərbaycan vətəndaşı olduğu müəyyən edilib. Bundan əlavə, Göytəpə sərhəd dəstəsinin Yardımlının Deman kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində Azərbaycandan İran istiqamətində dövlət sərhədini pozmağa cəhd edərkən bir Özbəkistan və bir Qırğızıstan vətəndaşı qadın saxlanılıb.
Sərhədçilərimizin uğurlu əməliyyatı bununla yekunlaşmır. DSX Sahil Mühafizəsinin xidməti ərazisində Lənkəranın Balıqçılar qəsəbəsi istiqamətində qaçaqmal yolu ilə ölkə ərazisindən dəniz vasitəsilə çıxarılması üçün hazırlanan, sahildən 150 metr məsafədə su səthində və kolluqlarda alkoqollu içkilər aşkar edilib. Əksəriyyəti 1 litrlik şüşə qablarda olan 39 qutuda 470 ədəd alkoqollu içki müsadirə olunub. Faktlar üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
- Baxış: 668