Bir insan kitab hədiyyə edirsə, xüsusi ilə də öz oxuduğu kitabı bağışlayırsa, o bununla öz dünyasından bir parça bəxş edir deməkdir. Bəlkə də elə məhz bu səbəbdəndir ki, kitablar ən dəyərli hədiyyə hesab olunur.
Ötən 6 ildə formalaşan ənənəyə əsasən “Kitab Hədiyyə Etmək” günündə ilk növbədə uşaqlar diqqət mərkəzində olur. İkinci sırada müxtəlif səbəblərdən kitab əldə edə bilməyənlər dayanır. Bunlar əsas mahiyyət olsa də, bu gün bütün kitabsevərlər üçün özəldir.
Niyə tarixdə səbəbsiz yerə kitab hədiyyə edə biləcəyimiz bir gün yoxdur? Bu sual, indi dünyanın əksər ölkələrində qeyd edilən bu özəl günün təməli olur. Lakin əksər insanların “dəyərli” hədiyyə seçimi arasında kitab dayanmır. 14 fevral tarixinin sevgililər günü olması bəlkə bunu ikinci plana keçirib. Bununla belə günün özəlliyini nəzərə alıb, kitab hədiyyə edənlər tapılıb.
Dünyanın bir çox ölkəsində, hətta qonşu Rusiyada da bu bayram qeyd edilir. Ölkəmizdə isə dəstəkçisi elə də çox deyil. Lakin zər qədrini zərgər bilər ifadəsini əsas götürərək, kitabın dəyərini elə kitab sevənlərdən soruşuruq.
Deyirlər ki, az pula böyük sərvət əldə etmək istəyirsinizsə - kitab alın. Alın və paylaşın. Çünki bütün gözəlliklər paylaşdıqca çoxalır.
Gülnar Fazilqızı
- Baxış: 882