• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1570
— 14.02.2018 14:32

Gəncə Avropanın İdman şəhəri olmağa iddialıdır

KepezTV Player

Gəncə Avropa Gənclər Paytaxtından sonra yenidən qitəmiqyaslı daha bir adı qazanmağa iddialıdır. Nizami yurdu bu dəfə Avropanın İdman Şəhəri tituluna namizədliyini irəli sürüb.

Gəncənin 2016-ci ildə Avropa Gənclər Paytaxtı kimi özünü layiqincə doğrultması ölkənin ikinci şəhəri üçün geniş perspektivlər açıb. Bu ad altında çoxlu sayda yerli və beynəlxalq gənclər layihələri həyata keçirilib. Məhz bu amil Gəncənin Avropada olan digər mötəbər titullara iddia etməsinə şərait yaradıb. 2019-cu il Avropa İdman Şəhəri də bu qəbildəndir.

İdman şəhəri adı ACES - Avropa İdman Paytaxtı Assosiasiyası tərəfindən təsis olunub. Bu titul 2007-ci ildən verilməyə başlanıb.

Bu vaxta kimi qitənin bir çox ölkəsindən şəhərlər İdman Şəhəri tituluna sahib olub. Bu siyahıda İspaniya, İtaliya, Böyük Britaniya və Fransa kimi inkişaf etmiş ölkələrin şəhərləri var. Odur ki, bu Azərbaycan - Gəncə adının Avropanın idman səlnaməsinə növbəti dəfə düşməsi üçün yaxşı fürsətdir. Onu da qeyd etmək yerinə düşər ki, Gəncə keçmiş Sovet məkanında bu ada iddialı ikinci şəhərdir.

Avropanın İdman şəhəri adını qazanmaq yolunda Gəncədə böyük infrastruktur layihələr planlaşdırılıb.

Görüləcək işlər arasında Gəncə Olimpiya İdman Kompleksi və Uşaq Gənclər İdman Şahmat Məktəbinin təmiri, həmçinin məhəllə meydançalarının salınması var.

Avropanın idman şəhəri adını almağa hədəfləyən Gəncə artıq beynəlxalq quruma rəsmi qaydada müraciət edib. Təşkilatın nümayəndələri aprel ayında Nizami yurduna səfər edərək vəziyyətlə yerində tanış olacaqlar. Qonaqlara tələb olunan kriteriyalara cavab verəcək və görüləcək işlərlə bağlı proqram təqdim olunacaq.

 

Azad Rəfi