Gəncəli pəhləvan Murad Süleymanov İranda keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıb. O, Təbriz şəhərində reallaşan sərbəst güləş üzrə böyüklər arasında ənənəvi "Təxti Kuboku"nda fəxri kürsüyə yüksəlib. 23 ölkədən 190-a yaxın idmançının iştirak etdiyi yarışda Süleymanov 79 kq-da fərqlənməyi bacarıb. Mübarizəyə 1/8 finaldan başlayan pəhləvan ardıcıl olaraq Bolqarıstan və Belarus güləşçilərindən üstün olub. Yarımfinalda macar idmançıya 1 xal fərqlə uduzan Murad bürünc medal uğrunda görüşə çıxıb. Burada isə ukraynalı rəqibinin kürəyini yerə vuran Nizami yurdunun yetirməsi turniri üçüncü pillədə tamamlayıb. Xatırladaq ki, Murad Süleymanov ötən il qonşu ölkədə keçirilən daha bir yarışda - dünya kubokunda bürünc mükafata yiyələnib.
Azad Rəfi
- Baxış: 1142