• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1119
— 12.02.2018 15:20

Gəncə Dövlət Filarmonisasının səhnəsində “Leyli və Məcnun” operası nümayiş olunub

KepezTV Player

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı aktyorlarının təqdim etdiyi səhnə əsəri böyük anşlaqla qarşılanıb.

Gəncə Dövlət Filarmoniyasının önündə qələbəlik müşahidə olunur. Burada Azərbaycanın və bütövlükdə müsəlman şərqinin ilk operası olan “Leyli və Məcnun”nümayiş olunacaq... Çox gözləmirik... Hər kəs yerini alır, pərdə qalxır və tamaşa başlayır... Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı səhnəyə 9 solist, 30 xor ifaçısı, balet artistləri və orkestr üzvləri də daxil olmaqla ümumilikdə 80 nəfərlik heyətlə çıxıb. Opera-tamaşada baş rolları Xalq artisti Mənsum İbrahimov və xanəndə Arzu Əliyeva ifa ediblər. Mənsum İbrahimov 140-cı dəfə Məcnun kimi tamaşaçılarla görüşüb.

Mənsum İbrahimov - Xalq artisti: “Möhtəşəm filarmoniyanın səhnəsində bu obrazı ifa etmək mənim üçün çox qürurvericidir. Ona görə ki, çox tələbkar Gəncə tamaşaçıları qarşısında çıxış etmək böyük məsuliyyətdir. Biz buna çox ciddi hazırlaşmışıq. Çünki Gəncə tamaşaçılar çox diqqətli, sənətsevər insanlardır”.

Arzu Əliyeva - xanəndə: “Hər dəfə demişəm, burada da qeyd edirəm, mən hər zaman səhnəyə çıxanda Arzu kimi yox, Leyli kimi səhnəyə çıxıram. Özümü sırf Leyli hesab edirəm və çalışıram ki, Leylini də olduğu kimi, nəcibliyi ilə, ürkəkliyi ilə, həyatsevərliyi ilə, sevgisi ilə, həyatsevərliyi ilə, həyata olan məhəbbəti ilə, məhəbbətə olan məhəbbəti ilə əks etdirə bilim”.

Bəstəkar Üzeyir Hacıbəyov “Leyli və Məcnun” operasını 1907-ci ildə qələmə alıb. Məhəmməd Füzulinin eyni adlı poemasının motivləri əsasında yazılan opera ilk dəfə 1908-ci ildə səhnələşdirilib. 110 yaşlı əsər müğam operası olaraq dünya mədəniyyət tarixinin də ilklərindəndir.

Hafiz Quliyev - Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru: “110 ildir səhnədədir. Bu yaxınlarda Bakıda, Opera və Balet Teatrında biz bu tamaşanın 110 illiyini qeyd etdik. “Leyli və Məcnun” tək Bakıda yox, dünyanın bir çox ölkəsində nümayiş olunub, o cümlədən Türkiyədə, Qətərdə. Hər yerdə də böyük sevgi ilə, böyük məhəbbətlə qarşılanıb. Çünki əsər doğurdan da çox möhtəşəm əsərdir. Çox sevindirici haldır ki, bu gün biz “Leyli və Məcnun” operasını Gəncədə göstəririk. Düşünürəm ki, bu uzun müddət Gəncə tamaşaçısının yaddaşında qalacaq”.

Orhan İşık - Türkiyənin Gəncədəki Baş Konsulu: “Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operasını ilk dəfə 2005-ci ildə Bakıda izləmişdim. İndi 13 ildən sonra burada yenidən izləmək qismət oldu. Çox böyük zövq aldım. Həm rejissor işi, həm də solistlərin ifalarını çox bəyəndim”.

Gülxar Əsgərova - Gəncə sakini: “Bu gün “Leyli və Məcnun” operasını yenidən izləmək mənə qismət oldu. Bu operanı mən ilk dəfə 1970—ci illərdə tələbə olarkən izləmişdim. Bu gün çox gözəl, unudulmayan bir gündür.”

Tacirə Əlizadə - Gəncə sakini: “ “Leyli və Məcnun” operası haqqında çox eşitmişdim və baxmaq istəyirdim. Xüsusi ilə də bu operanın Gəncədə nümayiş olmağını istəyirdim. Baxdım. Çox böyük zövq aldım. Aktryorlarımızın ifasında, Azru Əliyeva və Mənsum İbrahimovun ifasında bu operanı izləmək xüsusi zövq verdi”.

Bəli, “Leyli və Məcnun” operası bir əsrdən çoxdur ki, səhnələşdirilir. Lakin onun bəxş etdiyi mədəni və mənəvi zövq azalmır. Bunu opera-tamaşanın yekununda səslənən alqışlar bir daha təstiqlədi.

 

Gülnar Fazilqızı