Bakının Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Bölməsinə rayon ərazisində Ceyhun adlı şəxsin üzərində qanunsuz olaraq odlu silah-sursat saxlaması və satmaq istəməsi barədə məlumat daxil olub. Bölmə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs - Oğuz rayon sakini, əvvəllər məhkum olunmuş Ceyhun Kuhi saxlanılıb. Bölmədə hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış keçirilən zaman içərisində patronlar olan “Naqan” markalı tapança aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində odlu silahı yaşadığı Oğuz rayonunda tapdığını və 500 manata satmaq məqsədi ilə Bakı şəhərinə gətirdiyini bildirib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Bölmədə toplanan material araşdırılması üçün Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Aşkar edilən silahdan hansısa cinayətdə istifadə olunub-olunmadığı araşdırmalardan sonra məlum olacaq.
Zülfiyyə Telmanqızı
- Baxış: 675