Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və alqı-satqısında şübhəli bilinən şəxs saxlanılıb. Külli miqdarda heroin müsadirə olunub.
Qobustan qəsəbə sakini Arif İsmayılov tutularaq polis idarəsinə gətirilib. Üzərinə baxış keçirilən zaman 1 bükümdə çəkisi 4 qramdan artıq olan narkotik vasitə heroin aşkar olunaraq götürülüb.
Tofiq Namazov Qaradağ RPİ-nin baş müstəntiqi :“Arif İsmayılovun gizlətdiyi 1 kiloqram 640 qram heroin də aşkar olunub. Həmin şəxs əvvəllər məhkum olunmuş şəxsdir özü də narkotik vasitələrin aludəçisidir. Həmçinin Qobustan qəsəbəsində narkotik maddələrin satışını həyata keçirən şəxs kimi xarakterizə olunur”.
Saxlanılan şəxs ifadəsində külli miqdarda narkotik vasitəni Cəlilabad rayonundan istintaqa məlum olmayan mənbədən əldə etdiyini və satmaq məqsədi ilə yaşadığı Qobustan rayonuna gətirdiyini bildirib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Narkotik maddənin mənbəyinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
- Baxış: 983