Gədəbəy Gənclər İdman Klubunun üzvü Beyrək Bağırov Türkiyədə taekvando üzrə keçiriləcək iki beynəlxalq turnirdə qüvvəsini sınayacaq. Hər iki yarış İstanbulda təşkil ediləcək.
Təmsil etdiyi klubun həm də baş məşqçisi olan Beyrək Bağırov fəal idmançı karyerasını da davam etdirir və mütamadi olaraq turnirlərdə iştirak edir. Bağırov Türkiyədə əvvəlcə fevralın 6-9-u tarixlərində reallaşacaq klublararası Avropa Çempionatında tatami üzərinə çıxacaq. 80 kq çəki dərəcəsində döyüşəcək idmançı qarşıdakı ciddi sınaqla bağlı hazılığın əsas hissəsini Gəncədə keçirib.
Taekvandoçu klublararası qitə çempionatına ardıcıl ikinci dəfə qatılacaq.
Beyrək Bağırov Avropa Çempionatından sonra fevralın 10-dan 14-nə kimi keçiriləcək Türkiyənin Açıq Turnirində medal qazanmağa çalışacaq. Əsas hədəfi yığma komandaya düşmək olan Bağırov bunun üçün beynəlxalq turnirlərlə yanaşı, Azərbaycan çempionatında da uğur qazanmalıdır.
Bağırov sonuncu dəfə Ukraynanın Açıq Kubokunda bürünc medal qazanıb. Bundan əlavə o, ayrı-ayrı illərdə Türkiyə və Dağıstanda təşkil olunan beynəlxalq turnirlərdə fəfxri kürsüyə yüksəlib.
Azad Rəfi
- Baxış: 702