Gəncədə çayın sol sahilində də bulvar salınacaq və Nizami prospektinin Gəncəçaydan Heydər Əliyev prospektinədək olan hissəsi genişləndiriləcək. Şəhərdə məşğulluğun təmini istiqamətində yeni iş yerlərinin yaradılması da diqqət mərkəzindədir.
Şəhərin Nizami prospektində mərkəzi kitabxananın qarşısındayıq. Göründüyü kimi burada yol 4 zolaqlı olsa da təxminən 30 metr aralıda bu yol yarıdan çox daralır. Nəticədə yaranan sıxlıq nəqliyyat vasitələrinin və piyadaların hərəkəti üçün çətinlik yaradır. Lakin icrasına başlanılacaq yeni layihə problemin aradan qaldırılması, yolun 32 metrədək genişləndirilməsini nəzərdə tutur. Bu təxminən 560 metrlik hissəni əhatə edəcək. Yolun 4 zolaqlı olması üçün ərazidəki 81 fərdi yaşayış evi və 69 mağaza sökülərək yerində 9 mərtəbəli yaşayış binalarının tikilməsi gündəmdədir. Hansı ki 1-2-ci mərtəbələri ticarət obyektləri olacaq.
Yolun genişləndirilməsinə Nizami prospektinin Gəncəçaydan sonrakı hissəsindən, yəni buradan başlanılacaq. Hansı ki, çayın sol sahilində də istirahət zonası, yəni bulvarın salınması planlaşdırılır. 1,2 km uzunluğu olacaq yeni park bulvarın keçəcəyi əraziyə düşən tikililər söküləcək, komunikasiya xətləri yenilənəcək, ərazidə yaşıllıq zolağı, istirahət guşələri yaradılacaq.
Həmçinin şəhərdə Gəncə Dövlət Dram Teatrı üçün yeni binanın və İdman sarayının tikintisinə başlamaq da planlaşdırılır. Qəzalı vəziyyətdə olan 249 mənzilli yataqxanada yaşayanlar üçün isə 4 binadan 1-cisinin - 10 mərtəbəli 81 mənzilli binanın tikintisi nəzərdə tutulub. Gəncədə fəalların iclasında şəhərin yenilənməsi ilə yanaşı, işsizliyin də aradan qaldırılması üçün tədbirlərin görüldüyünə diqqət çəkilib.
Elmar Vəliyev - Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı – “Möhtərəm cənab prezidentin tapşırığına uyğun olaraq Gəncə şəhəri üçün 1400 yeni iş yeri açılıb. Keçən il bu rəqəm 1000 idi. Artıq bu iş yerlərindən 800 təmin olunub, 600-ə yaxın vakansiya var.
Bununla əlaqədar yaxın günlərdə keçiriləcək vətəndaş qəbulunda yeni iş yerləri barədə şəhər sakinlərinə məlumat veriləcək.
Orxan Cəfərzadə
Elnur Vahidoğlu
- Baxış: 1680