• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1525
— 30.01.2018 13:52

Qanunsuz silah daşıyanlar yaxalandı

KepezTV Player

Bakıda üzərində qanunsuz olaraq odlu silah gəzdirən şəxslər saxlanılıb. Nardaran sakini isə 3 il əvvəl törətdiyi əməlin bəlasına düşüb. Tapdığı silahı torpağın altında gizlədən şəxs saxlanılıb.

Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinə Nardaran qəsəbəsində yaşayan Süleyman Süleymanovda odlu silah olması barədə əməliyyat məlumatı daxil olub. Həmin gün Süleyman Süleymanov qəsəbə ərazisində saxlanılaraq 42-ci Polis Bölməsinə gətirilib. Aparılan profilaktik söhbətlər zamanı o, odlu silaha sahib olduğunu etiraf edərək həmin silahı qəsəbə ərazisində yerləşən Ümid Qayası deyilən yerdə basdırdığını bildirib.  Bölmə əməkdaşları hal şahidlərinin iştirakı ilə qeyd olunan ünvana baxış keçirib. Orada olan tikilinin içərisində axtarış aparılıb və torpağın altında gizlədilən nömrəsi silinmiş, 1 ədəd AK-74 markalı avtomat, 1 ədəd ona məxsus sandıqça və 15 ədəd patron aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində həmin silah-sursatı 2015-ci ilin dekabr ayında qəsəbədəki ziyarətgahın yaxınlığından tapdığını və polisə təhvil verməyərək  basdırdığını bildirib.

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə əvvəllər məhkum olunmuş, Bakı şəhər sakini Natiq Ələkbərovun üzərində qanunsuz olaraq odlu silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Baş İdarə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs saxlanılıb.Onu üzərinə baxış keçirilən zamanı “Revolver” tipli tapança və həmin silaha məxsus 5 ədəd patron aşkar olunaraq götürülüb. Daha bir əməliyyat-axtarış tədbiri nəticəsində Sumqayıt şəhər sakini Yalçın Takuzadə Binəqədi rayonu Sulutəpə qəsəbəsində saxlanılıb. Onun üzərinə baxış zamanı “Makarov” markalı tapança və 1 ədəd patron aşkar olunaraq götürülüb. Hər iki faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.