“20 Yanvar” faciəsinin 28-ci ildönümü AMEA-nın Gəncə Bölməsində anılıb. Müzakirələrdən əvvəl “Sovet ordusu”nun 28 il əvvəl Bakıda törətdiyi qətliamdan və sonralar ölkədə cərəyan edən hadisələrdən söz açan qısametrajlı film nümayiş olunub. Çıxışlarda tarixin “20 Yanvar” səhifəsi ümumxalq hüzn günü olmaqla yanaşı, həm də Azərbaycan xalqının qəhramanlıq səlnaməsi kimi qiymətləndirilib. Həmin gün Bakı və Azərbaycan rayonlarında ümumilikdə 146 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub. Şəhid olan oğul və qızların xatirələrinin daim yaşadılacağı, Azərbaycan xalqı var olduqca onların qəhrəmanlıq əməllərinin daim anılacağı vurğulanıb.
Azərbaycan Dövlət Aqrar Universitetində də 20 Yanvar faciəsinin 28-ci il dönümü münaisbəti ilə silsilə tədbirlər keçirilir. Belə tədbirlərdən biri universitetin Aqronomluq fakültəsində baş tutub. Şəhidlik zirvəsinə ucalmaqla Azərbaycan xalqının azadlıq carçılarına çevrilənlərin xatirəsinin unudulmayacağına diqqət çəkilib. Şəhidlərə həsr edilən şeirlər səsləndirilib, ədəbi bədii kompozisiya və “İlham və Fərizə”nin həyat yolundan bəhs edən səhnəcik nümyiş olunub. ADAU-nun YAP ərazi ilk partiya təşkilatı da gənclərlə yanvar hadisələrinə nəzər salıb. Anım tədbirində 28 il əvvəl Bakıda yaşanan qanlı hadisələr müzakirə edilib, tarixi faktlara bir daha nəzər salınıb. Qəhrəmanlıq səlnaməsinin hər bir azərbaycanlı üçün tarixi əhəmiyyətindən söz açılıb. Tələbələrin əl işərindən ibarət rəsmlər də sərgilənib.
Tarixin 28 illik qan səhifəsi və şərəf günü Gəncə Dövlət Universitetində də vərəqlənib. Burada tələbələrin əl işlərindən ibarət rəsm sərgisi təşkil olunub. 1990-cı il 20 yanvar tarixi haqqında müxtəlif dövlərdə nəşr olunan kitablarla tanışlıq olub. Tələbələr “Qanlı yanvar” mövzulu şeirlər söyləyib, vətən, əsgər və şəhidləri tərənnüm edən musiqlər səsləndirib, ədəbi - bədii kompozisiya nümayiş etdiriblər. Çıxış edənlər yanvarın 19-dan 20-nə keçən gecəni oyanış və xalqın özünə, öz tarixinə qayıdışı kimi dəyərləndirib, müstəqillik yolunda şəhidlik zirvəsinə ucalanların ruhuna ehtiram bildirilib.
- Baxış: 617