Şamaxı rayonunda qətl hadisəsi törədilib. Çoban 4 uşağının gözü qarşısında güllənərək öldürülüb.
Hadisə rayonun Acıdərə kəndi ərazisindəki mal-qara fermasında qeydə alınıb. Rayonun Quşçu kənd sakini, 22 yaşlı Natiq Bünyadov ov tüfəngindən atəş açaraq qonşusu, 38 yaşlı Zaur Hacıyevi güllələyib.
Daxili işlər nazirliyinin məlumatına görə, təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Şamaxı rayonu ərazisində törədilən qətlin üstü “isti izlər”lə açılıb. Şamaxı şəhər sakini Zaur Hacıyevin odlu silahla qətlə yetirilməsi barədə daxil olan məlumat əsasında rayon Polis Şöbəsi və prokurorluğunun əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər aparılıb. Hadisə yerindən nömrəsi silinmiş “TOZ-16” markalı tüfəng götürülüb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Natiq Bünyadov saxlanılaraq istintaqa təhvil verilib.
Zülfiyyə Telmanqızı
- Baxış: 446