Bu gün səhər saatlarında Bakı Dairəvi-1 avtomobil yolunun Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yoluna birləşən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, Bakı Dairəvi-1 avtomobil yolu ilə Bakı-Sumqayıt yolu istiqamətində hərəkət edən “Shacman” markalı yük maşınının sürücüsü idarəetməni itirərək yoldan kənara, təqribən 20 metr hündürlükdən Biləcəri enişindəki yola aşıb. Nəticədə sürücü ağır bədən xəsarətləri ilə təcili olaraq xəstəxanaya çatdırılıb.
Qəza zamanı yol təsərrüfatına da ciddi ziyan dəyib. Yol kənarında olan əyri-xətli dəmir tirlər sıradan çıxıb, yolun çiyin hissəsində olan tökmə beton dağılıb.Qeyd edək ki, ağır tonajlı yük maşını sement daşıyırdı. Qəza nəticəsində aşan yük maşınından sement və yanacaq çənində olan dizel ətrafa dağılıb. Baş verə biləcək hər-hansı bir bədbəxt hadisənin qarşısını almaq məqsədi ilə hadisə yerinə yanğınsöndürən maşın cəlb olunub və yola dağılmış dizel yanacağı təzyiqli su ilə yuyulub.Xoşbəxtlikdən qəza zamanı yük maşınının aşdığı hissədə başqa avtomobillər olmayıb.
Paytaxtın Binəqədi rayonunda da yol nəqliyyat hadisəsi baş verib. Qəza Mehdiabad qəsəbəsində qeydə alınıb. Orta yaşlı kişi yolun keçən zaman dayanıb və sol tərəfdən gələn avtomobili gözləyib. Bu zaman yolun sağ tərəfi ilə hərəkətdə olan kiçik tutumlu yük maşını piyadanı vurub. Yaralı xəsarətlərlə xəstəxanaya çatdırlıb. Ona tibbi yardım göstərilib. Hadisəni törədən sürücü ifadəsi alınması üçün polis idarəsinə aparılıb. Faktlarla əlaqədar araşdırmalar aparılır.
- Baxış: 441