• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1092
— 10.01.2018 15:16

Əlilliyi olan şəxslər Gəncə Asan Xidmət Mərkəzində könüllük fəaliyyətə cəlb olunub

KepezTV Player

Əlilliyi olan gənclərin ASAN Xidmət mərkəzlərinə könüllü kimi cəlb olunması. Ötən ildən pilot layihə kimi Bakı, Sumqayıt və Gəncədəki xidmət şəbəkələrində tətbiq edilən bu yenilik maraq doğurmaya bilməzdi. Əməkdaşımız Gülnar Fazilqızı Gəncə ASAN Xidmət mərkəzində olub və orada könüllü kimi çalışan əlilliyi olan şəxslərlə söhbət aparıb.

Namaz Namazov – Gəncə ASAN Xidmət Mərkəzinin könüllüsü: “Belə başa düşürsən ki, sən də bu vətənə lazımsan. Bu vətənə xidmət edirsən. Mən fəxr edirəm. Adi işə gələndə, gedəndə insanların sizə olan baxışı da dəyişir. Bilirlər ki, işə gedirsən. Əvvəl belə olmurdu”.

Namaz Namazov bir aya yaxındır ki, Gəncə ASAN Xidmət mərkəzinin könüllüsüdür. O burada vətəndaşların məlumatlandırılması, onlara sıra nömrələrinin verilməsi kimi xidmətlər göstərir. Bu günədək çox yerdə çalışan 28 yaşlı müsahibim ASAN Xidmət Mərkəzində onunla bərabər çalışan könüllülərdən də ağız dolusu danışır...

Namaz Namazov – Gəncə ASAN Xidmət Mərkəzinin könüllüsü: “Uşaqların hamısı gəşəngdir. Sağ olsunlar. Mənim burada çətinliyim olmur. Burada iş vaxtı nəsə çətinliyim olan kimi, hamısı dost kimi, yaxımın kimi köməyimdə dururlar”.

Başı ərizə yazmağa qarışan bu gənc isə Məcid Yusifovdur. Onu daha çox anketlərin doldurulduğu, sorğuların aparıldığı bölmədə görmək olur.

Məcid Yusifov - Gəncə ASAN Xidmət Mərkəzinin könüllüsü: “Sevincimizin həddi-hüdudu yoxdur. Biz də öz növbəmizdə, əlil olmağımıza baxmayaraq, heç bir məhdudiyyət olmadan öz işimizi, vəzifəmizi layiqincə yerinə yetiririk. Çalışırıq ki, biz də bu vətəndaşların, bu cəmiyyətin bir parçası olaraq, insanlara xidmət göstərək”.

24 yaşlı Məcid də bir aydır ki, ASAN könüllüsüdür və bunun ona qazandırdığı üstünlüklər haqqında bunları deyir...

Məcid Yusifov - Gəncə ASAN Xidmət könüllüsü: “Burada könüllü çalışmaq bizə nə qazandırır? İlk növbədə vətəndaşlarla ünsiyyət, iş yoldaşlarımızla dialoq, cəmiyyətə inteqrasiya... İş prosesində bir-birimizə köməklik edirik, dünya görüşümüz artır. Bir sıra tədbirlərdə, təlimlərdə, sərgilərdə iştirak edirik. Tədbirlərdə çıxış edirik”.

Hələ ki, əlilliyi olan 2 gənc könüllü kimi Gəncə ASAN Xidmət Mərkəzində çalışır. Yaxın günlərdə onların sayı 3 olacaq. Lakin bu da son deyil.

Altay Ələsgərov – Gəncə ASAN Xidmət Mərkəzinin direktor müavini: “Bu layihə həm fiziki məhdudiyyətli gənclərin, həm də sakinlərin rəgbətini qazandığından gələcəkdə bu kvotanın artırılması planlaşdırılır. Öz bilik və bacarıqlarını artırmaq arzusunda olan istənilən fiziki məhdudiyyətli gənc ASAN Xidmət Mərkəzlərinə müraciət edərək ASAN Könüllülər ordusuna qoşula bilər. Yəni onların təhsilinin olub olmaması, iş təcrübəsinin olub-olmaması bizim üçün kriteriya deyil”.

Gəncədə fəaliyyət göstərən müxtəlif Əlillər Cəmiyyətləti və İctimai Birliklər də bu istiqamətdə ASAN Xidmətlə əməkdaşlıqda maraqldırlar.

Elmira İsmayılova – “Əlil Qadınlar” Cəmiyyətinin Gəncə bölməsinin sədri: “Təşkilatımızda 3229 əlil qeydiyyatdadır. Yaş fərqi olmadan. Biz özümüz də istəyirik ki, onlarla əməkdaşlıq edək və onlara minnətdarıq ki, bizi də əməkdaş kimi seçiblər. Mən öz növbəmdə çalışacam ki, regionlarda olan əlillərin də ora cəlb olunmasında öz üzərimə düşəni edəm”.

Hazırda Bakı, Sumqayıt və Gəncə ASAN Xidmət Mərkəzlərində ümumilikdə 14 əlilliyi olan gənc könüllü kimi çalışır.

 

Gülnar Fazilqızı