• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1572
— 10.01.2018 10:03

Olimpiadada sifətin tanınması sistemindən istifadə olunacaq

2020-ci il Tokio Olimpiya və Paralimpiya oyunlarının təşkilat komitəsi idman tədbirlərinin təhlükəsizliyini sifətin tanınması sistemi ilə gücləndirmək niyyətindədir. Bu, saxta və oğurlanmış şəxsiyyət vəsiqələri ilə mübarizə, idmançı, vəzifəli şəxslər və KİV nümayəndələrinin ictimai yerlərə daxil olan zaman daha tez hərəkət etmələri üçün tətbiq olunacaq. İlkin qiymətləndirməyə görə, 400 minədək insanı emal edə biləcək sistem Olimpiya Oyunları tarixində tətbiq edilən ən böyük sifətin tanınması sistemi olacaq. Təşkilatçılar bütün idmançı, əməkdaş, mətbuat nümayəndələri və olimpiadaya aidiyyəti olan digər şəxslərin üzünün fotoşəkillərindən ibarət baza yaratmaq niyyətindədirlər. Lakin tamaşaçılar əvvəllər olduğu kimi, bilet təqdim etməli olacaqlar, çünki bu miqyasda sistem yaratmaq müəyyən çətinliklər törədir. Növbəti iki il ərzində mütəxəssislər tərəfindən buraxılış məntəqələrində yubanmaların qarşısını almaq üçün texnologiyanın təkmilləşdirilməsi planlaşdırılır. Tokio olimpiadasında sifətin tanınması texnologiyasının yaradılması bu sahədə uzun illərdir fəaliyyət göstərən “NEC Corp" şirkətinə həvalə olunub. Şirkət 2014-cü ildə Çikaqo polisinə cinayətkarı izləməyə kömək edən NeoFace sistemini təqdim etməklə məşhurlaşıb. NeoFace real vaxt rejimində videodakı insanların təhlilini aparır və məlumat bazasında oxşar sifətlər axtarmaqla uyğunsuzluqlar barədə xəbərdarlıq edir. NEC Corp. texnologiyasından, həmçinin CaliBurge restoranlarında istifadə edilir. Müştəriləri tanıyan sistem onlara əvvəlki sifarişlər əsasında yeməklər təklif edir.

 

 

Cavanşir Məmmədzadə