• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1327
— 29.12.2017 15:14

“Kəpəz” Futbol Klubunun kollektivi Gəncə Uşaq Evində olub

KepezTV Player

Klubun üzvləri 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə xüsusi qayğıya və diqqətə ehtiyac duyan uşaqlara baş çəkiblər.

Görüşdə klub rəhbərliyi, məşqçilər heyəti və futbolçular iştirak edib. Gəncə təmsilçisinin icraçı direktoru Elnur Camalxanov, əsas komandanın baş məşqçisi Yunis Hüseynov Uşaq Evinin sakinlərini əlamətdar bayramlarla bağlı təbrik edib, onlara ən xoş arzularını çatdırıblar. Uşaq Evinin direktoru Nazilə İsmayılova ziyarətə görə qonaqlara təşəkkürünü bildirərək “Kəpəz”in uşaqların sevimli komandası olduğunu deyib.

Çıxışların ardından komandanın kapitanı Şəhriyar Rəhimov, Tural Rzayev və Şəhriyar Əliyev klubun atributları olan şərf və bayraqları, oyun formalarını, topları, eləcə də yeni il hədiyyələrini uşaqlara təqdim ediblər. Hədiyyələr azyaşlıların sevincinə səbəb olub. 

Daha sonra uşaqlar peşəkar futbolçularla eyni meydançanı bölüşərək nəyə qadir olduqlarını nümayiş etdirməyə çalışıblar. Onlar sevimliləri ilə oynamaqdan doymayaraq oyuna xüsusi həvəs göstəriblər.

Oyun yekunlaşdıqdan sonra qonaqları dövrəyə alan azyaşlılar futbolla bağlı suallara cavab axtarıblar. Yunis Hüseynov uşaqlar arasında istedadı ilə seçilənlərin olduğunu deyib, idmanla yanaşı, dərslərə fikir verməyin vacibliyini vurğulayıb. O, Uşaq Evinin komandasının çıxış etməsinə Məhəllə Kubokunda kömək edəcəklərini də bildirib.

Azad Rəfi