Almaniyada I Beynəlxalq Oyun Analizi Konqresi keçirilib. Dünyanın müxtəlif ölkələrindən 230 qonağın dəvət aldığı tədbirdə gəncəli futbol məşqçisi Etibar İbrahimov və onun yığma komandadakı həmkarı Vüqar Məmməd də iştirak edib.
Frankfurt şəhərində təşkil olunan konqresə tanınmış məşqçilər, skautlar, menecerlər və futbolçular qatılıb. Tədbirin əsas mövzusu futbol sahəsində də tətbiq olunan müasir texnologiya yenilikləri ilə videoanalizlərin aparılması və təhlillərin müzakirəsi olub. Keyfiyyətli analiz proqramlarından bəhs olunub, dünyanın məşhur klubları və federasiyaların bu proqramlardan necə istifadə etdikləri haqqında fikir mübadiləsi aparılıb.
Həmyerlilərimiz Almaniya Futbol İttifaqı Akademiyasının təşəbbüsü ilə ərsəyə gələn konqresdə bundestimin baş məşqçisi Yoahim Löv, tanınmış sabiq futbolçulardan Oliver Birhoff, Miroslav Kloze və digərləri ilə görüşərək onları dinləmək imkanı qazanıblar.
Konqresdə bacarıq, dərketmə və qərarvermə kimi mövzularda maraqlı müzakirələr olub. Baş məşqçi ilə təhlilçi mütəxəssis arasındakı iş birliyi zamanı hansı metodlardan istifadə edilməli və hansı detallara daha çox diqqət ayrılmalı olduğu haqda fikirlər yer alıb. Nəticə etibarilə analiz və seleksiya işlərinin bir-birilə sıx bağlılığına toxunulub.
Azad Rəfi
- Baxış: 538