• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1980
— 13.12.2017 10:03

900 at güclü ərəb hiperkarın istehsalına başlandı

Hiperkarlar istehsal edən W Motors adlı ərəb şirkəti kupe Fenyr SuperSport avtomobilinin seriyalı versiyası barədə açıqlama verib. 2015-ci ildə Dubayda təqdim olunan ikiqapılı maşından cəmi 25 ədəd buraxılacağı bildirilir. Arxa ötürücülü hiperkar alüminium şassidə düzəldilib. Kuzov panelləri karbon fiber materialındandır. 1200 kiloqramlıq Fenyr SuperSportun kapotu altında RUF adlı 4 litrlik unikal tvin-turbomotor qərarlaşıb. 900 at gücü yığan mühərrikin fırlanma anı 1200 Nm-ə bərabərdir. Transmissiya iki muftalı 7 pilləli robotlaşdırılmış sürət qutusudur. Arxa oxlarda özü bağlanan differensial quraşdırılıb. Hiperkar ilk “yüzü” 2,7 saniyəyə başa vurur. Onun maksimal sürəti saatda 400 kilometrdir. Fenyr SuperSport karbon keramikli diskləri və altı porşenli alüminium supportları olan tormoz mexanizmləri ilə komplektləşdirilib. Müxtəlif ölçülü diskləri olan maşının 3 müstəqil bölməsi olan arxa antiqanadı var. Avadanlıq siyahısında olanlar bunlardır: karbon materialdan çərçivəsi olan oturacaqlar, Bluetooth, naviqasiya və LTE Wi-Fi-ı dəstəkləyən multimedia sistemi, rəqəmsal alətlər paneli, eləcə də arxa görünüşü göstərən kameralar. Fenyr SuperSport hiperkarının neçəyə başa gələcəyi hələlik naməlumdur. Markanın ilk modeli olan Lykan 3,4 milyon dollar dəyərində idi.

 

Cavanşir Məmmədzadə