• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1407
— 13.12.2017 08:59

Ağır qəzada 3 nəfər öldü

KepezTV Player

Yollarda gələn bəla can almaqda davam edir. Goranboyda ikisi qardaş olan 3 nəfər qəzanın qurbanı olub. Ağsuda isə məktəbliləri avtomobil vurub. Daha bir yol-nəqliyyat hadisəsi Bakıda yaşanıb. Təfərrüatları izləyək.

Goranboy rayonunda ağır yol qəzası olub. Qarqucaq kəndində Elçin Əsgərovun idarə etdiyi “VAZ-106” markalı avtomobil “Shacman” markalı yük avtomobili ilə toqquşub. Nəticədə Elçin Əsgərov, onun qardaşı Tural Əsgərov və digər sərnişin - Kamil Qəhrəmanov dünyasını dəyişib. Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri meyitləri deformasiyaya uğramış minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Bakının Sabunçu rayonunda da qəza baş verib. Hadisə Ramana qəsəbəsində yerləşən Şuşa şəhərciyi ərazisində qeydə alınıb. "VAZ-2106" markalı minik avtomobili ilə 214 saylı marşrut üzrə hərəkət edən "Daewoo" markalı avtobusu toqquşub. Nəticədə VAZ-ın sürücüsü, 36 yaşlı Ramin Nəsibov xəsarət alıb. Avtobus sürücüsü Əli Rzayevin bildirdiyinə görə, qəza minik avtomobilinin onun yoluna çıxması nəticəsində baş verib. Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Avtomobillər cərimə meydançasına aparılıb. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsunun Pirhəsənli kəndi ərazisindən keçən hissəsində “QAZ 3110” markalı minik avtomobili yolu keçən iki uşağı, Əlabad kənd sakinləri, 12 yaşlı Polad Kərimov və həmyaşıdı Famil Həsənovu vurub. Hadisə zamanı ağır bədən xəsarətləri alan orta məktəbin 7-ci sinif şagirdləri Ağsu rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə çatdırılıblar. Famil Həsənovun vəziyyəti ağırlaşdığı üçün onu təcili olaraq Bakı şəhərinə travmatologiya xəstəxanasına göndəriblər.Faktlarla bağlı araşdırmalara başlanılıb.

 

Natiq Hüseyn