Sumqayıtda yol nəqliyyat hadisəsi baş verib. Qəza Bakı-Quba yolunun Sumqayıt şəhər Hacı Zeynalabdın qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Kamaz markalı yük maşını magistrala çıxan inəyi vurub, bu zaman arxadan gələn Mersedes markalı avtomobil yük maşınına çırpılıb. Nəticədə 3 nəfər ölüb, 1 nəfər ağır yaralanıb. Hadisə yerinə cəlb olunmuş Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri cəsədləri və xəsarət alan şəxsi deformasiyaya uğramış avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Beyləqanda da ölümlə nəticələnən yol qəzası baş verib. Rayonun Talıbxanlı kəndi ərazisində 36 yaşlı Amil Əliyevin idarə etdiyi “Mercedes” markalı avtomobil Hüseynağa adlı sürücünün idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toqquşub.Nəticədə “VAZ -2107”-nin sürücüsü hadisə yerində ölüb. “Mercedes”in sürücüsü Amil Əliyev və onun qardaşı Aqil Əliyev, digər sərnişin 22 yaşlı İlkin Əliyev müxtəlif bədən xəsarəti ilə Beyləqan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan Amil Əliyevin vəziyyətinin daha ağır olduğu bildirilib. Paytaxtın Nizami rayonunda zəncirvari yol qəzası qeydə alınıb. Hadisə Babək prospektində qeydə alınıb. Yüksək sürətlə hərəkətdə olan Mercedes markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə Mercedes işıqforun qırmızı işığında dayanan Kia və Tayota markalı avtomobillərə çırpılıb. Zərbənin təsirindən Mercedes yararsız hala düşüb. Sürücüsü isə yüngül xəsarət alıb. Hadisə yerinə polis əməkdaşları gəliblər. Müayinələr aparılıb. Faktla əlaqədar avtotexniki ekspertiza təyin edilib. Qəzanın baş vermə səbəbləri araşdırılır.
Zülfiyyə Telmanqızı
- Baxış: 550