• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1506
— 05.12.2017 15:57

Sərhədləri aşan könüllülük...

KepezTV Player

Bu gün onların günüdür… Cəmiyyətin xeyri üçün çalışan və bunun müqabilində maddi qarşılıq gözləməyən kəslərin, yəni könüllülərin... Bu gün dünyanın bir çox ölkəsində milyoinlarla insan könüllülük fəaliyyəti ilə məşğuldur ki, onların da əksəriyyətini gənclər təşkil edir. Bu fəaliyyət sərhədləri aşarsa, daha da maraqlı və faydalı olur. Bu fikri əbəs yerə səsləndirmədik. İndi səhərdəli aşaraq ölkəmizə gələn və burada könüllü olaraq çalışan gəncləri tanıyacağıq.

Ania Vitko polşalı könüllü: “Salam. Mənim adım Aniadır. Mən polşalıyam. Mənim 26 yaşım var. Mən EVS könüllüsüyəm. Bir aydır ki, buradayam. 7 ay sonra gedəcəm”.

Ania Witko hazırda Gəncədə olan Avropa Könüllülük Xidmətinin 3 könüllüsündən biridir. Polşadan gələn bu gənclər bir neçə ay Gəncədə çalışacaq və müxtəlif layihələr icra edəcəklər.

Ania, Patrik Jimitko ilə birlikdə Kəlbəcərdən olan məcburi köçkünlər üçün salınan qəsəbədəki uşaqlara könüllü olaraq dərs verir.  Onların bu fəaliyyəti 9 ay davam edəcək.

Patrik Jimitko polşalı könüllü: “Mən ingilis dili tədris edirəm. Növbəti həftədən  skeytbord kursu təşkil etməyi düşünürəm, planda yoga dərsləri vermək də var. Başqa fəaliyyətlərimiz də olacaq.  Təbii ki, bunu zaman göstərəcək”.

Ania Vitko polşalı könüllü: “Mən də Patriklə birgə çalışıram. Ondan fərqli olaraq mən qızlar üçün fitnes dərsləri təşkil etməyi planlaşdırıram. Həmçinin İspan dilinin tədrisi ilə də məşğul olmağı düşünürəm”.

Yoldaşlarından fərqli olaraq Roksana Katçmar isə günün çox hissəsini “Gələcəyə Körpü” Gənclər Təşkilatında keçirir. Bu xanım, bir il Gəncənin qonağı olacaq.

Roksana Katçmar polşalı könüllü: “Mən gənclərin sosial aktivliyini artırmaq üçün buradayam. Hazırda yeni bir klub fəaliyyətə başlatmışam.Bu klubun üzvlərinə tək başına səyahət etməyin yolları və müxtəlif ölkələr haqqında məlumatlar veririk. Bundan əlavə mən kitab klubu da yaratmaq istəyirəm. Ümid edirəm tezliklə o da fəaliyyətə başlayacaq”.

Gəncədə olduqları müddətdə Azərbaycanın mədəniyyəti və tarixini öyrənməyə niyyətli olan polşalı gənclər, işə milli mətbəx nümunələrimizi sınaqdan keçirərək başlayıblar. Onlar Azərbaycan dilini də öyrənməyə həvəslidirlər.

Patrik Jimitko polşalı könüllü: “Mən özüm vegeterian olduğum üçün burada yetişən meyvə tərəvəzlər diqqətimi çəkdi. Xüsusi ilə də onların təzə və bol olması... Bundan başqa, insanlarınız çox dotscanlıdırlar. Mənə hər gün yeni-yeni insalar mesaj yazır, tanış olmaq, danışmaq, görüşmək istəyirlər ki, bu da məni çox sevindirir”.

Roksana Katçmar polşalı könüllü: “Azərbaycan dilində ən sevdiyim sözlər hələ ki, salam, babat, çay və ikidir. Çay sözünü, çay içməyi xoşladığım üçün sevirəm. Burada çoxlu çay içirəm. Düzdü Azərbaycan dilində tələfüzüm hələ ki yaxşı deyil, amma inanıram ki, bir neçə aya düzələcək. Bir də nədr oynamağı öyrənmək istəyirəm”.

Ania Vitko polşalı könüllü: “Buranın havası çox xoşuma gəldi. Günlər günəşli keçir. Roksana kimi mən də çay içməyi çox xoşlayıram. Yeməklərinizi də bəyəndim. Ən sevdiklərim sizin dediyiniz kimi “kətə”, “mərci şorbası” və “kartoflu peraşki” oldu. Bir də sözsüz ki, insanlarınız... Onlar gülərüz və dostcanlıdırlar”.

Belə... Bu gənclərlə söhbət zamanı bir daha əmin olduq ki, könüllülük fəaliyyəti həqqiqətən də sərhəd tanımır, sözün hər mənasında... Dilindən və dinindən asılı olamayaraq insanlara ümid və təbəssüm bəxş etmək elə də çətin deyil... Elə könüllü olmağın əsas qayəsi də budur...