Almanların Şəmkirdə yaşam tərzi, əkinçilik mədəniyyəti, sənaye işləri bu rayonda Almanların Cənubi Qafqaza köçmələrinin 200 illiyi münasibətilə baş tutan tədbirdə xatırlanıb. Rayonda alman mədəniyyəti, memarlığı, maddi ənənələrinin qoruyub saxlaması təqdirə layiq hal kimi dəyərləndirilib.
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Almaniyanın ölkəmizdəki səfiri Mixael Kindsqraba Qarabağ xalçası hədiyyə olunub. Eyni zamanda Almaniyalı professor Eva Mariya Aux alman dilində olan kitabını rayon rəhbərliyinə təqdim edib. Şəmkir sakinlərinə Almaniya Xarici İşlər Nazirliyinin köməyi ilə hazırlanan və Almaniyada nümayiş olunan “Azərbaycan almanları” sərgisi təqdim edilib. Qonaqlar rayondakı Alman Lüteran kilsəsində arqan musiqisindən ibarət konsertə baxıblar.
Eva Mariya Aux professor: Göygöl və Şəmkir rayonları ilə mənim tanışlığım 90-cı illərin əvvəllərinə təsadüf edir. Şəmkir almanları mənim əcdadlarım sayılır. Onda biz qəbirstanlıqları axtarırdıq. O anlar çox dəyərli idi. Biz çalışırdıq alman cəmiyyətinin diqqətini Azərbaycanda yaşamış soydaşlarımızın tarixinə cəlb edək. Mən çox şad oldum ki, uzun illər keçməsinə baxmayaraq azərbaycanda alman izlərinə böyük hörmətlə yanaşılıb. Biz 1997-ci ildə bu mövzuda birinci beynəlxalq konfrans təşkil etdik. Düşünürəm o çox böyük rola malik oldu. Elə o vaxtdan almanların Azərbaycanda yaşamalarına beynəlxalq səviyyədə diqqət yetirildi. Bu irsə hörmət bu gün də davam edir. Bu ümumi xəzinədir, xəzinə nəinki Azərbaycan-Alman xalqlarına aiddir, bu bizim birgə əlaqələrin xəzinəsidir.
Natiq Hüseyn
- Baxış: 540