Muzey üçün yeni bina Azərbaycanda XIX əsrin əvvəllərində alman mühacirlərin məskunlaşmasının 200 illiyi ilə bağlı Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq, silsilə tədbirlər çərçivəsində istifadəyə verilib. Muzey əvvəllər uyğunlaşdırılan binada – XIX əsrdə inşa olunan Alman Lüteran Kilsəsində fəaliyyət göstərib. Burada mövcud eksponatların çoxunu nümayiş etdirmək üçün şərait olmayıb. İndi yeni binada bütün standartlara uyğun şəraitdə 6 şöbədə 2000-ə yaxın eksponat ziyarətçilərə təqdim olunur. Muzeydə almanların bu bölgəyə köçürülməsi, onların məişəti, mədəniyyəti, mətbəxi, arxitektura nümunələri haqqında ətraflı məlumat almaq olar. Bundan başqa, Göygöl rayonunun sosial-iqtisadi inkişafı, mədəni həyatı, uğurları da ziyarətçilərə çatdırılır.
Mixael Kindsqrab - Almaniyanın Azərbaycandakı səfiri: Muzeyin yeni binasının açılışı Azərbaycan-Almaniya iktərəfli əlaqələrinə gözəl bir töhfədir. Bu il biz alman mühacirlərin Cənubi Qafqaza gəlməsinin, alman məskənlərinin salınmasının 200 illik yubileyini qeyd edirik. Bu, o demək deyil ki, ancaq arxaya dönüb baxırıq. Biz gələcəyə də baxmalıyıq və gələcək üçün birlikdə işləməliyik. Çox şadıq ki, Azərbaycan xalqı alman irsini qoruyub saxlayır. Bütün bu amillər gələcəyin, dostluğun gözəl bünövrəsidir.
- Baxış: 715