• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1175
— 01.12.2017 16:06

Çindən gətirilən tut tingləri Goranboy və Şəmkirdə əkilir

KepezTV Player

Goranboyda Çindən gətirilən 3 min tut tinginin əkininə başlanılıb. 2 il ərzində rayonda 25 min ədəd çəkil əkilib və barama qurdu üçün yaxşı yem bazası yaradılıb.

Elşən Qarayev - baramaçı: “Çox gəlirli sahədir yem bazası olsa daha yaxşı olar. Bu il 90 kiloqram barama məhsulu əldə edərək təhvil vermişəm. Qazancım dövlətin verdiyi subsidiya ilə birlikdə 900 manat təşkil edib. Bu sahənin yaxşı olması həm də baramanın mayasını, xərc çəkilmədən əldə edilməsidir”.

Sahələrə Çindən gətirilən çiliklə yanaşı, 5 hektar ərazidə yerli tut tingləri də əkilən Goranboyda bu il 100-dən artıq kümçü dövlət xətti ilə barama əldə edib. Baramaçılığın inkişafına xidmət edən bu addım 2 ton 170 kiloqram baramanın tədarük edilərək satışına imkan verib.

Yasin Məmmədov - Goranboy Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi: “Hal-hazırda əkdiyimiz tinglərlə yanaşı ötən il dövlət proqrmına uyğun olaraq 25 min ədəd Çindən gətirilən tut tingini rayonun Qızılhacılı qəsəbəsində əkilib və üzümüzə gələn mövsümdə məhsul götürərək baramaçılara yem formasında verməyi palnlaşdırırıq. Bu tinglər çox məhsuldar olduğu üçün yerli mülkiyyətçilər bu sortun yayılmasında çox maraqlanırlar”.

Şəmkirli fermerlər də bu gəlirli sahənin inkişafında maraqlıdır. Yeni gətirilən tinglərin əkini rayonun 36 kəndində həyata keçirilir. Ting əkiləcək sahələrə əvvəlcədən aqrotexniki qulluq göstərilib, malalama işləri aparılıb, gübrə verilib. Tinglərdən 15 min ədədi Kür qırağı ərazilərdə basdırılıb. Tut bağlarının uzunmüddətli olması üçün dayanıqlı su təminatı da nəzərdə tutulub. Yüksək məhsuldarlığa malik olan bu çəlik növünün gələcəkdə artırılması üçün həmin tinglərin özündən istifadə edilməsi də mümkün olacaq.

Rasim Mustafayev - Şəmkir Rayon İcra Hakimiyyətinin şöbə müdiri: “Bildiyiniz kimi baramaçılığın inkişafı üçün yem bazasının olması vacib şərtlərdəndir. Ötən il Şəmkir rayonunda 40 min çəkil tingi əkilib. Bu ildə 18 min ədəd Çin Xalq Respublikasından çəkil tingi gətirilib. Bundan başqa Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 40 min çəkil tinginin verilməsi nəzərdə tutulub. Ümumilikdə Şəmkir rayonu üzrə 58 min ədəd çəkil tinginin əkini nəzərdə tutulub. Bu həm baramaçılığın inkişafına eyni zamanda iqtisadiyyatın inkişafına və bizim əhalinin işlə təmin olunmasına böyük dəstək olacaq”.

Yeni əkilən tinglərin yetişdirilməsi və onun mühafizəsi üçün rayonda xüsusi komissiya yaradılıb. Şəmkir rayonunda 2016-cı ildə 2 ton 900 kq, 2017-ci ildə isə 5 ton 100 kq barama toplanıb.

 

Xaliq Qurbanlı