Futbol üzrə Azərbaycan Premyer Liqasının 14-cü turu çərçivəsində sabah “Kəpəz” doğma publika önündə Sumqayıtı qəbul edəcək. Gəncəlilər qış fasiləsinə major notlarla yollanmaq üçün bu qarşılaşmada qalibiyyəti hədəfləyib.
Sarı-göylər gənclik şəhərinin təmsilçisi ilə oyuna yüksək əhval-ruhiyyədə çıxacaq. Buna səbəb kubok qarşılaşmasında qərb klubunun Binəni 3:0 məğlub edərək növbəti mərhələyə adlamasıdı. Turnir cədvəlinin son pilləsində qərarlaşan dağlılar Yunis Hüseynovun gəlişindən sonra çempionatda ikinci dəfə meydanda olacaq. Qış istirahətinə sonuncu yerdən qurtularaq getmək niyyətində olan Nizami yurdunun təmsilçisi bunun üçün var gücünü ortaya qoyacaq. Hüseynovla ilk dəfə yerli azarkeşlər qarşısında böyükhesabla məğlub olan “Kəpəz” bunu unutdurmaq üçün görüşdən sərfəli nəticəylə ayrılmaq istəyir. Heyətin 2 əsas futbolçusu gəncəlilərə kömək edə bilməyəcək. Bunlar zədəli olan Viktor Oseqeyl və cəzalı olan Dedimar Fereyradı.
Bu mövsüm çempionatın ilk turunda Sumqayıtda görüşən komandaların duelində Samir Abbasun yetirmələri 2:1 hesabıyla qələbə qazanıb. Bu ilin son qarşılaşmasına bu baxımdan Kəpəz həm də revanş arzusuyla çıxaraq fanatları sevindirmək arzusundadı.
Görüş saat 14:00-da Gəncə şəhər stadionunda keçiriləcək.
Orxan Cəfərzadə
- Baxış: 434