• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1873
— 25.11.2017 16:00

Qəlbləri fəth edən Fikrət Əmirov dünyası...

KepezTV Player

Başlanğıcını Məşədi Cəmil Əmirovdan götürən və Üzeyir Hacıbəyov məktəbi ilə təkmilləşən, tamlaşan bir dünya... Qəlbləri fəth edən Fikrət Əmirov dünyası... Gəncədə dünyaya göz açıb Fikrət Əmirov. Elə ilk musiqi təhsilini də burada atası Məşədi Cəmil Əmirovun yaratdığı musiqi məktəbinin tar sinfində alıb. Bəstəkarın Azərbaycan Milli Konservatoriyasına gəlişi isə Bülbülün adı ilə bağlıdır. Fikrət Əmirov qəlbindəki musiqini nota çevirməyə elə tələbəlik illərindən başlayıb. Yaş və təcrübə artdıqca, musiqisi də təkmiləşib...

Fikrət Əmirov XX əsr Azərbaycan musiqisinin aparıcı simalarından biri olub. O, Gəncə Dövlət və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyalarının bədii rəhbəri, habelə M. F. Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru vəzifəsində çalışıb. Ömrünü musiqiyə həsr edən sənətkar həm tarixin, həm də  xalqın yaddaşında yaşayır.

Onun 95 illik yubileyi münasibəti ilə ölkənin bir çox yerlərində müxtəlif tədbirlər keçirilir ki, onlardan növbətisi Gəncə Musiqi Kollecincə baş tutub. Konsert proqramında Fikrət Əmirovun bir-birindən gözəl musiqi əsərləri səsləndirilib. Yubiley tədbirində kollecin tələbələri ilə yanaşı, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdləri də iştirak ediblər.