• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1876
— 20.11.2017 13:05

Özünü Türkiyə vətəndaşı kimi təqdim edib sürücüləri aldatdı

KepezTV Player

Bakı polisi isə taksi sürücülərinə qarşı dələduzluq edən şəxsi yaxalayıb. Özünü Türkiyə vətəndaşı kimi təqdim edən kişi sürücüləri aldadıb qaçsa da, qanundan qaça bilməyib.

Binəqədi Rayon Polis İdarəsinə taksi fəaliyyəti ilə məşğul olan Elçin Bayramov müraciət edərək bildirib ki, noyabrın 16-da özünü Türkiyə vətəndaşı kimi təqdim edən Ayhan adlı şəxsi müştəri qismində əvvəlcə Sumqayıt şəhərinə daha sonra isə Bakı Beynəlxalq Avtovağzalına aparıb. Sumqayıt şəhərində həmin şəxs ona bildirib ki, üzərində 100 dollar var və ona təcili 25 manat lazımdır. Taksi sürücüsündən həmin pulu alan “Ayhan” pulu xırdalayıb, 25 manatı və gediş haqqını ödəyəcəyini bildirib. Avtovağzal ərazisində isə həmin şəxs taksi sürücüsünün mobil telefonunu da dələduzluq yolu ilə alaraq hadisə yerindən uzaqlaşıb.Əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Tehran İsmayılov saxlanılaraq istintaqa təqdim olunub. Araşdırma zamanı Tehran İsmayılovun daha bir taksi sürücüsünün 100 manat pulunu dələduzluq yolu ilə mənimsədiyi də məlum olub.

Qeyd edilən faktlarla bağlı Binəqədi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır. Polis əməkdaşları dələduzluq etməkdə şübhəli bilinən Tehran ismayılovun digər cinayətlərdə iştirak etdiyini də istisna etmir. Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Binəqədi RPİ-nə müraciət edə bilərlər.

 

Zülfiyyə Telmanqızı