AFFA-nın aşağı yaş qrupları üzrə keçirdiyi Azərbaycan birinciliyi davam edir. Yarışların başlamasından təxminən iki vaxt ötsə də, artıq müəyyən liqalarda mükafatlar qazanmağa namizəd olan komandalar önə çıxıb.
14 yaşadək futbolçuların mübarizə apardığı Qərb-Gəncə regionunun Gəncə zonası üzrə keçirilən yarışda “Kəpəz” uğurlu çıxış ilə seçilir. Klubun müvafiq yaş qrupu üzrə komandasının ilk turlardan ələ keçirdiyi lider kürsüsünü rəqiblərə güzəştə gedəcəyi inandırıcı görünmür. İntiqam Səmədovun rəhbərlik etdiyi kollektiv 8-ci turda Uşaq Gənclər İdman Məktəbinin Şəms komandası üzərində 10:0 hesabı ilə qələbə qazanmaqla xallarının sayını 22-yə çatdırıb və turnir cədvəlində mövqeyini möhkəmləndirib.
İntiqam Səmədovun sözlərinə görə, komandada oyunu ilə fərqlənən futbolçular var. Və onların çıxışı parlaq gələcəyə ümid verir. Məşqçi yetirmələrinin həmçinin milli komandalara yüksələcəyini bildirir.
14 yaşlıların liqasında məğlubiyyətin nə olduğunu bilməyən “Kəpəz” 7 qələbə qazanaraq bir oyunda heç-heçə edib. Komandanın hücumdakı oyunu göz oxşayır. “Sarı-göylər” rəqib qapılarına 64 qol vurmaqla cəmi 2-ni buraxıb.
Azad Rəfi
- Baxış: 688