Rusiyaya gedən son iki millinin adı qitələrarası pley-off oyunlarında bəlli olub. Bu zonada keçirilən görüşlərdən birində Avstraliya doğma meydanda Honduras yığmasını sınağa çəkib. Oyunda 4 qol vurulub ki, bunların da hamısı ikinci hissəyə təsadüf edib. Tablo 54-cü dəqiqədə işə düşüb. Meydan sahiblərinin yerinə yetirdiyi cərimə zərbəsi zamanı yumşaq mərmi qonaq komandadan Anri Fiqueroaya dəyərək qapıçını yanıldıb və tora düşüb. Yaşıl qitə təmsilçisi 72-ci dəqiqədə hesab arasındakı fərqi ikiyə yüksəldib. Təyin olunan penaltidən Mile Yedinak maksimum istifadə edib. Bu oyunçu 85-ci dəqiqədə yenidən diqqətləri üzərinə çəkib. Yenə 11 metrlik cərimə zərbəsindən fərqlənən yarımmüdafiəçi hesabı 3:0 edib. Mərkəzi Amerikalılar isə buraxdıqları toplardan yalnız birinin cavabını verə biliblər. Əsas vaxta artırılan dəqiqələrdə Maynor Fiqueroa künc zərbəsinin davamında cərimə meydandançasında yaranan qarışıqlıqdan istifadə edərək topu torıa qovuşdurub. Ancaq bu qol heç nəyi dəyişməyib və Honduras 3:1 hesabıyla məğlub olub. Beləliklə iki oyunun nəticəsinə əsasən, mundialda iştirak etməyə Avstraliya haqq qazanıb.
Təxminən 40 dəqiqə əvvəl başa çatan digər oyunda isə Peru Yeni Zellandiyanı 2:0 hesabıyla üstələyərək dünya çempiontına qatılan sonuncu komanda olub.
DÇ-2018
Qitələrarası pley-off, cavab oyunları
Avstraliya – Honduras – 3:1
Mavnor Fiqureoa, 54-öz qapısına, Mile Yedinak, 72, 85 - Mavnor Fiqureoa, 90+4
İlk oyun – 0:0
Peru – Yeni Zelandiya – 2:0
Cefferson Farfan, 28, Kristian Gilyerme Ramos, 65
İlk oyun – 0:0
Orxan Cəfərzadə
- Baxış: 467