• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2385
— 15.11.2017 17:48

Goranboyda qadını aldadan saxta polis zabiti saxlanıldı

KepezTV Player

Özünü Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edərək dələduzluq törədən şəxs tutulub. O, yalanla Goranboy sakininin xeyli miqdarda pulunu ələ keçirib, lakin qənimətini xərcləməyə macal tapmamış həqiqi asayiş keçikçiləri tərəfindən saxlanılıb.

Goranboyun Muzdurlar kənd sakini Sonaxanım İbrahimova Rayon Polis Şöbəsinə müraciət edərək, bir nəfər şəxsin onu aldadaraq dələduzluq yolu ilə 5000 manat pulunu ələ keçirdiyi barədə məlumat verib. Zərərçəkən ərizəsində bildirib ki, dələduz özünü Rusiya hüquq-mühafizə orqanlarının polis polkovnik-leytinantı kimi təqdim edib və qadına oğlu Raminin həmin ölkədə cinayət törətdiyini, polis tərəfindən axtarıldığını deyib. Bu işdə xitam verilməsi üçün Sonaxanım İbrahimovadan  pul tələb edib və istədiyi məbləği ondan alıb. Hadisədən sonra aldadıldığını bilən qadın polisə müraciət edib.

Gündüz Yusibov - müstəntiq: “Hüquq-mühafizə orqanı əməkdaşları oktyabrın 27-i, təxminən saat 18 radələrində Sonaxanım İbrahimovaya qarşı dələduzluq etməkdə şübhəli bilinən şəxsin kimliyini müəyyən ediblər. 53 yaşlı Ələddin Məmməd oğlu Novruzov saxlanılaraq, istintaqa təhvil verilib”.

Rusiya Federasiyası vətəndaşı olan, lakin Samuxun Ağasıbəyli kəndində yaşayan Ələddin Novruzov dələduzluq faktına görə özünü təqsirli  bilməyib. O, Sonaxanım İbrahimovanı tanımadığını və qadının iddialarının doğru olmadığını bildirib.

Ələddin Novruzov saxlanılan şəxs: “Mən özümü təqsirli bilmirəm. Mən etməmişəm”.

Ələddin Novruzov kameraya əl etməyi də unutmayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir. Hüquq-mühafizə orqanı əməkdaşları Ələddin Novruzovun  əməlindən zərər çəkən vətəndaşların sayının artacağını istisna etmirlər. Onunla bağlı şikayəti olan şəxslər varsa, Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzinə, eləcə də müvafiq  polis şöbə və bölmələrinə müraciət edə bilərlər.

Natiq Hüseyn