• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1213
— 14.11.2017 23:40

Brakonyerlər iş başında saxlanıldılar, birinin üzərində narkotik də tapıldı

KepezTV Player

 Noyabrın 11-i Nəqliyyatda Baş Polis İdarəsi Su Nəqliyyatında Polis İdarəsinə iki nəfərin mühərriklə təchiz edilmiş qayıqla Bakı buxtasında qanunsuz balıq ovu ilə məşğul olduğu barədə məlumat verilib. Polis əməkdaşları “Qartal” polis patrul katerində xüsusi xəbərdaredici səs siqnalları ilə həmin qayığa yaxınlaşaraq şəxslərdən sahilə çıxmalarını tələb ediblər, amma qanun pozucuları balıqçı qayığı ilə polis katerini vurub zədələyərək hadisə yerindən qaçmağa cəhd göstəriblər. Araşdırma zamanı qeyri-qanuni balıq ovu ilə məşğul olan şəxslərin Astara rayon sakini Sərxan Quliyev və Neftçala rayon sakini Natiq Əbilov olduğu müəyyən edilib. Su Nəqliyyatında Polis İdarəsi işçiləri həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsləri saxlayaraq məsuliyyətə cəlb ediblər. Qayığa baxış zamanı qanunsuz balıq ovu zamanı istifadə olunan ləvazimatlar, torlar aşkar olunaraq maddi sübut kimi götürülüb.

“İdarədə saxlanılan şəxslərdən Sərxan Quliyevin üzərinə baxış zamanı ondan bir büküm narkotik vasitə heroin aşkar olunaraq götürülüb”.

Araşdırmalar zamanı saxlanılan şəxslərin balıqovlama biletlərinin olmadığı, həmçinin onlara məxsus qayığın və mühərrikin müvafiq dövlət qurumlarında qeydiyyata alınmadığı məlum olub. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.