• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 972
— 14.11.2017 13:39

Telefonu oğurlayıb qaçarkən yaxalandı

KepezTV Player

Bakıda qadının telefonunu oğurlayıb qaçmaq istəyən şəxs yaxalanıb. Əlahiddə Çevik Polis Alayının əməkdaşlarının sayıqlığı nəticəsində soyğunçuluq edən şəxs çox da uzağa qaça bilməyib.

Noyabrın 12-də Qara Qarayev prospektində yerləşən ticarət mərkəzlərindən birinin qarşısında naməlum şəxs paytaxt sakini olan bir qadının 550 manat dəyərində mobil telefonunu soyğunçuluq yolu ilə ələ keçirərək hadisə yerindən qaçıb. Zərərçəkən hadisə barədə həmin ərazidə xidmət aparan Əlahiddə Çevik Polis Alayının 5-ci Patrul Bölüyünün əməkdaşlarına məlumat verib.  Cinayəti törətməkdə şübhəli bilinən şəxsin isti izlərlə axtarışı həyata keçirilib və o, hadisə yerindən 300-400 metr kənarda saxlanılaraq zərərsizləşdirilib.

Cinayəti törətməkdə şübhəli bilinən şəxsin əvvəllər dəfələrlə məhkum olunmuş Mingəçevir şəhər sakini Emil Məmmədov olduğu məlum olub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır. Polis əməkdaşları soyğunçuluq etməkdə şübhəli bilinən bu şəxsin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya ərazi üzrə polis idarəsi müraciət edə bilərlər.