• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1511
— 13.11.2017 14:38

“Ölkəmizi taniyaq” maarifləndirici tur-aksiyası çərçivəsində məktəblilər Qərb bölgəsinə səfər ediblər

“Ölkəmizi taniyaq” maarifləndirici tur-aksiyası çərçivəsində respublikanın 9 rayonundan olan məktəblilər Qərb bölgəsinə səfər ediblər. Gəncə ilə tanışlıqdan sonra onlar Şəmkir və Göygöl rayonlarında da olublar.

Bu dəfə Cənub bölgəsinin, Bakı və Sumqayıtın məktəbliləri Gəncənin qonağı olublar. Onlar Gəncə şəhər Heydər Əliyev Park-kompleksində Zəfər tağının önündə qarşılanıblar. Şagirdlərə Gəncənin tarixi, mədəniyyət abidələri, müasir park və xiyabanları, turizm obyektləri barədə şifahi məlumat verildikdən sonra gəzinti başlayıb.

Heydər Əliyev pakr-kompleksindən sonra məktəblilər “Nizami məqbərəsi”, “Gəncə Qala qapıları”, “İmamzadə” Dini Memarlıq və abidə kompleksində, miniatür kitab muzeyinin Gəncə filialında olublar. Maarifləndirici tur Cavad xan türbəsi, Şah Abbas-Cümə məscidi və Məhsəti mərkəzi ilə tanışlıqla davam edib.

Məktəblilər Göygöl və Şəmkirdə də olublar. Şagirdlər Göygöldə Heydər Əliyev mərkəzində qarşılanıblar. Rayon rəsmiləri qonaqlara Göygölün tarixi, mədəniyyəti və infrastrukturu barədə məlumat veriblər. Şagirdlər İDEA İB-nin təşəbbüsü ilə təşkil olunan ağacəkmə aksiyasına qoşulublar. Daha sonra onlar Gənclər mərkəzi və Göygöl rayon tarix-diyarşünaslıq müzeyinin yerləşdiyi qədim Alman kilsəsini də gəziblər.

Şəmkirə gələn məktəblilər isə rayonla tanışlığa Heydər Əliyev mərkəzindən başlayıblar. Qonaqlara Şəmkirin tarixi və mədəniyyəti, keçdiyi inkişaf yolu haqda ətraflı məlumat verilib. Rayonla əyani tanış olan şagirdlər “Orta əsr Şəmkir qalasını” ziyarət edib, Bayraq meydanı və bayraq müzeyi, "Zəka" gənclərin intellektual və yaradıcılıq inkişaf mərkəzində də olublar.

 

Gülnar Fazilqızı