İki avtomobilin toqquşması, nəqliyyat vasitəsinin idarəetmədən çıxması, piyadanın, yaxud sürücünün diqqətsizliyi...Səbəblər fərqlidir. Nəticələr isə eyni...Kimi canından, kimi sağlmalığından olub. Bəli, söhbət yolları kabusa döndərən qəzalardan gedir. Təfərrüatları izləyək.
Astara rayonunun Ərcivan qəsəbəsində, yeni istifadəyə verilmiş körpüdə zəncirvari qəza qeydə alınıb. "VAZ-2107" markalı minik maşınının, Lənkəran-Astara marşrutu ilə hərəkət edən "Ford" sərnişin mikroavtobusunun və yük avtomobilinin toqquşması nəticəsində Lənkəran sayon sakini 41 yaşlı Elgün Rzayev ölüb. 30 yaşlı Həlimə Rəhimova, həmyaşıdı Səadət Hacıyeva, 21 yaşlı Elməddin İsayev, Azər Həsənov və Pərviz Sadıqov isə xəsarət alıb. Yaralılar Astara və Lənkəran rayon mərkəzi xəstəxanalarına yerləşdiriliblər. Daha bir qəza Qazağın Kommuna kəndi ərazisində qeydə alınıb. “Opel” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər Qazax şəhər sakini - 28 yaşlı Nadir Bəşirov, 26 yaşlı Rəhman Mancanov, 28 yaşlı Rasim İbrahimov və Daş Salahlı kənd sakini 51 yaşlı Teymuz Cəmalı müxtəlif bədən xəsarətləri alıb. Yaralılar Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər. Ağstafada da yol-nəqliyyat hadisəsi olub. "VA2106” və “Opel” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ”-ın sürücüsü, Ağstafaya qonaq gələn Kürdəmir rayon sakini, 28 yaşlı Yusif Abışov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. Cəlilabad rayonunda Ələt-Astara magistral avtomobil yolunun rayonun Göytəpə şəhərindən keçən hissəsində piyadavurma qeydə alınıb.Belə ki, "VAZ-2107" markalı avtomobil 40 yaşlı kişini vurub. Piyada hadisə yerində keçinib. Meyit Cəlilabad morquna gətirilib. Oğuzda isə 35 yaşlı qadın ailəsinə məxsus avtomobildən düşən zaman yolla hərəkət edən digər avtomobil onu vurub. Xeyransa Zakirova aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına daxil olub, vəziyyəti orta-ağır qiymətləndirilir. Faktlarla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Zülfiyyə Telmanqızı
- Baxış: 354