• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1456
— 03.11.2017 15:18

Gəncə IV Türk dünyası ənənəvi uşaq oyunları festivalına ev sahibliyi edir

KepezTV Player

“5 daş”, “7 daş”, “Aşı-aşıq”, “Çiling ağac” və sair... Azərbaycan, Türkiyə, Gırğızıstan və Qazaxstandan olan uşaqlar  unudulmaqda olan bu qədim türk oyunlarını oynamaq, ortaq dəyərləri yaşatmaq, dostluq və həmrəyliyi tərənnüm etmək üçün bir araya gəliblər.

 Liana İbragim qazaxstanlı iştirakçı:“Bura mənim çox xoşuma gəldi. Uşaqları da sevdim. Biz söhbət edirik. Yaşadığımız ölkə, oranın mədəniyyəti haqqında bir-birimizə suallar veririk. Onlarla tanış olduğuma, yeni dostlar qazandığıma görə çox sevindim”.

Ömerbey İsayev qırğız iştirakçı:“Təəssüratlarım çox gözəldir. Burdakı bütün uşaqlar çox mehribandır. Birlikdə oynayırıq, söhbət edirik. Hər biri gülər üz və mehribandır. Biz çox tez dostlaşdıq. Burada olmaq, bu festivalın iştirakçısına çevrilmək çox xoşdur”.

Festivalın məqsədi türk dünyasının qeyri-madi mədəni irs nümunələrinin ayrılmaz tərkib hissəsi olan ənənəvi uşaq oyunlarının yaşadılaraq gələcək nəsillərə çatdırılması, eyni oyunlarla böyüsələr də, müxtəlif coğrafiyada yaşayan uşaqlar arasında dostluq əlaqələrinin genişləndirilməsi, məktəblilərin yaradıcılıq qabiliyyətlərinin inkişafına təkan verməkdir.

İbrahim Yıldırım Bakı Yunus Emre İnstitutunun direktoru:“Mənim son 15 ildə bir sıra türk dövlətlərində yaşamaq imkanı oldu. Bu illər ərzində bir məsələnin fərqinə vardım. Bu dövlətlərdə uşaqların oynadığı oyunlar eynidir. Əsrlər boyu bu oyunlar yaşadılıb, günümüzədək gəlib çatıb və indi, texnologiyanın sürətlə inkişaf etdiyi dövrdə unudulmağa doğru gedirlər.  Bu gün burda olmağımızın məqsədi də bu oyunları yaşatmaq, eyni dəyərlərə sahib, amma fərqli ölkələrdə böyüyən uşaqları bir araya gətimək, onları birliyə, dostluğa səsləməkdir”.

“Türk dünyası ənənəvi uşaq oyunları festivalı” hər il keçirilir. Ənənə halını alan festivala Azərbaycandan əvvəl Qazaxstan və Türkiyə ev sahibliyi edib.