Bu gün və sabah UEFA Çempionlar Liqasında 4-cü turun oyunları keçiriləcək. Ekvador xəttini keçmək üzrə olan turnirin 4-cü turunun ilk oyun günündə A, B, C və D qruplarında mübarizə aparan komandalar meydana çıxacaq.
C qrupunda yarışan Azərbaycan çempionu “Qarabağ” səfərdə “Atletiko” ilə üz-üzə gələcək. Bakıda ispanlarla qolsuz heç-heçə edən Ağdam klubunu Madriddə gərgin oyun gözləyir. Qrupdan çıxmaq uğrunda mübarizəni davam etdirmək üçün Dieqo Simeonenin komandası mütləq qələbə qazanmalıdır. Başqa nəticə Atletikonu qane etmir. “Qarabağ”ın Piriney yarımadasına itkilərlə yollanması da ev sahiblərinin işinə yarayır. Bədavi Hüseynov zədəli, Dino Ndlovu cəzalı olduğu üçün ağdamlılara kömək edə bilməyəcək.
Qrupun digər oyununda “Roma” - “Çelsi” ilə görüşəcək.
A qrupunda 100 faizlik nəticə göstərən “Mancester Yunayted” “Old Trafort”da “Benfika”nı qəbul edəcək. Bu oyun qrup lideri ilə autsayderin dueli kimi səciyyələndirilir. Səfərdə qalib gəlməyi bacaran qırmızı şeytanların evdədə eyni tapşırığın öhdəsindən gələcəyi problem olmamalıdır. Bu qrupda futbolsevərlər həmçinin “Bazel” – MOİK oyununu izləyə biləcəklər.
B qrupunda “Bavariya” Şotlandiyada “Seltik”in qonağı olacaq. Almaniyada rəqibini məğlub edən Münhen klubu səfər matçına da iddialı yollanıb. Qrupun lideri PSJ isə “Anderlext”i evə əliboş göndərəcəyi şübhə doğurmur.
Və nəhayət D qrupunda reallaşacaq oyunlar barədə. “Barselona” bu tur Yunanıstan səfərinə yollanacaq və “Olimpiakos”u Afinada da məğlub etməyə çalışacaq. Qrupun digər oyununda isə “Yuventus” – “Sportinq”lə oynayacaq.
ÇL-da bütün oyunlar Bakı vaxtı 23-45-də başlayacaq.
Azad Rəfi
- Baxış: 403