Peşəkar səviyyədə fəaliyyətini dayandıran “Şəmkir” futbol klubu bir dəfəlik tarixin yaddaşına qovuşmayacaq. Komanda həvəskarlar arasında keçiriləcək “Region Liqası”nda çıxış edəcək. Yeni yaradılan liqada əsasən I divizionda iştirak üçün müvafiq lisenziya tələblərini yerinə yetirə bilməyən komandalar mübarizə aparacaq. Amma “Şəmkir” lisenziyaya yox, sırf maliyyə çatışmazlığına görə aşağı dəstədə yarışa bilmədi. Rayonda futbolun ən azı həvəskar səviyyədə yaşaması üçün vəziyyətdən çıxış yolu “Region Liqası”nda təmsil olunmaqda görülüb. Kəndlərarası Şəmkir çempionatının keçirilməsi də yeni yaradılacaq komanda üçün oyunçu seçiminə hesablanıb.
Emin İsmayılov, Şəmkir rayon Gənclər və İdman İdarəsinin rəisi : “AFFA ilə ilk mərhələdə danışıqlar apardıq, onların tələb etdikləri sənədlər və tələblər bizi qane etdi. Ona görə də “Region Liqası”na maraq göstərmişik. Seçilən oyunçularımız da Şəmkiri təmsil edəcək komandada yer alacaqlar. Maliyyə vəziyyətindən asılı olaraq gələn mövsüm birinci divizionda da oynaya bilərik. Məqsədimiz “Region Liqası”nda qalib olmaqdır”.
Azad Rəfi
- Baxış: 730