• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2203
— 24.10.2017 05:16

Yol qəzaları iki nəfəri canından etdi

KepezTV Player

Şəmkir rayonunda ağır yol qəzası qeydə alınıb. Hadisə rayonun Kür qəsəbəsinə gedən yolda baş verib. Hərəkətdə olan “Niva” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. 27 yaşlı Elvin Məmmədov hadisə yerində ölüb, 4 nəfər – Şəmkir rayon Əliyaqublu kənd sakinləri 24 yaşlı Rauf Quliyev, 27 yaşlı Orxan Qasımov, həmyaşıdları Tural Yusubov və Kür qəsəbə sakini Fərman Mirzəyev xəsarət alıb. Yaralılar  Şəmkir Mərkəzi Rayon Xəstəxanasına aparılıblar.

Ceyhun Rəsulov həkim: Təcili yardım maşını ilə 4 nəfər xəstəxanaya gətirilib. Üç xəstənin vəziyyəti kafidir. Bir nəfərdə döş qəfəsinin qapalı travması, 8 qabırğanın sınığı diaqnozu ilə Gəncə şəhərinə göndərilmişdir.

Gəncə Şəhər Təcili Tibbi yardım xəstəxanasına göndərilən Fərman Mirzəyevin vəziyyəti orta-ağırdır.

Mehman Hüseynov həkim: Müayinə zamanı qabırğaların çoxsaylı sınıqları aşkar olunub, pulmonal şok vəziyyətində olub. Ümumi vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib. Müayinəsi davam etdirilir.

Daha bir qəza Gədəbəy rayonunun Qurudərə kəndində olub. Rayonun Kəlman kənd sakini 47 yaşlı Mehdi Cəfərovun idarə etdiyi avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza zamanı ağır bədən xəsarətləri alan sürücü Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə gətirilib.

Mehman Hüseynov həkim: Qəza nəticəsində açıq kəllə-beyin travması almış bir nəfər şöbəyə gətirilib. Xəstəyə ilkin tibbi yardım göstərilib. Qohumlarının təkidi ilə özəl xəstəxanalardan birinə aparılıb.

Xəstəxanadan verilən məlumata görə, vəziyyəti ağır olan Mehdi Cəfərovun həyatını xilas etmək mümkün olmayıb.

Faktlarla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.