Bir neçə gün Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhəri, Novxanı bağlar massivində İran İslam Respublikasının vətəndaşı Saman Mohtatini öldürməkdə şübhəli bilinən şəxslərin yaxalanması barədə xəbər vermişdik. Saxlanılan şəxslərin - əvvəllər məhkum olunmuş Yunus Camallı, Natiq Babaverdiyev,Pərvin Əlməmmədov, Zahid Dünyamalıyev və Ceyhun Talıblının ətrafında Sumqayıt ŞPİ-də əlavə əməliyyat tədbirləri aparılıb. Onların cari ilin avqustun 14-də Kürdəmir rayon Xırdapay kəndində yaşayan Zahid Zərbəliyevə məxsus evə basqın etdikləri də məlum olub. Saxlanılan şəxslər ev sahibi və həyat yoldaşı Rənanın əl-ayağını yapışqanlı lentlə bağlayaraq mənzildə olan pul və qızıl-zinət əşyalarını quldurluq yolu ilə ələ keçiriblər.Quldurluq hadisəsində Əlməmmədovun tanışı Rəşidə Seydiyeva da dəstə üzvləri ilə əlbir olub. O, saxlanılan digər şəxslərə Kürdəmir rayonunda yaşayan bibisinin evinə basqın etməyi təklif edib. Bu məqsədlə R.Seydiyeva dəstə üzvləri ilə birlikdə Kürdəmir rayonuna gedərək qohumunun evinin yerini onlara göstərib.Əməliyyat-axtarış tədbirləri nəticəsində qadın da saxlanılaraq istintaqa təqdim olunub.Hazırda qeyd olunan cinayət işləri üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
- Baxış: 1091