• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1318
— 11.10.2017 15:16

Ülviyyə Fətəliyeva: “Yarışa ciddi hazırlaşmışıq”

KepezTV Player

Gəncə şahmatçısı Ülviyyə Fətəliyevanın Türkiyədə keçirilən klubların Avropa komanda çempionatında iştirak etməsi haqda xəbər vermişdik. Fətəliyeva ölkəmizi yarışda təmsil edən “Odlar yurdu” klubunun heyətində çıxış edir. Antalyanın ev sahibliyi etdiyi turnirdə qadın komandalarının mübarizəsində 12 kollektiv mükafatlar uğrunda mübarizə aparır.

“Odlar yurdu” klubu 3 turdan sonra turnir cədvəlində 4 xalla 3-cü pillədə qərarlaşıb. İlk oyunda İsrail, ikinci turda Gürcüstan şahmatçılarına  qalib gələn Azərbaycan komandası son görüşdə Belarus klubuna uduzub. Sonunculara qarşı görüşdə Ülviyyə Fətəliyevanın qələbəsi də “Odlar yurdu”nu məğlubiyyətdən xilas etməyib. Ümumiyyətlə, şəxsi göstəricilərə gəldikdə, Fətəliyeva iki oyunda qələbə qazanaraq, bir matçda rəqiblə xalı yarı bölüb. Bu gün keçiriləcək 4-cü turda komandamız ev sahiblərinə qarşı mübarizə aparacaq. Bu arada yarışın internet televiziyasına açıqlama verən Ülviyyə çıxışı haqda fikirlərini bildirib.

Ülviyyə Fətəliyeva şahmatçı: “Biz “Nona”ya qarşı keçirdiyimiz oyunun nəticəsindən daha çox razıyıq. Onlar yarışın reytinq favoriti hesab olunurlar. Heyətlərində titullu, tanınmış şahmatçılar yer alıb. Ona görə də qələbə iki qat sevindiricidir. Yarışa ciddi hazırlaşmışıq, təlim-məşq toplanışları keçmişik. Belə toplanışları nəinki bizi gücləndirir, həm də komanda ruhunu birləşdirir. Biz enerjimizi bir-birimizə ötürməklə güclənirik və bu da oyunların nəticəsində əks olunur”.

Xatırladaq ki, yığma komandamızın da üzvü olan Ülviyyə Fətəliyeva ötən il Bakıda keçirilən Şahmat Olimpiadasında da iştirak edib. O, şəxsi yarışlarda beynəlxalq turnirlərin mükafatçısı, Avropa birinciliyinin qalibi olub.

 

Azad Rəfi