Kiçikdən xəta, böyükdən əta deyib müdriklərimiz...Amma vay o gündən ki, xətanı elə böyüyün özü edir. Üstəlik bu xətasına övladını da şərik qoşur. Söhbət Sumqayıtda avtomobillərin ehtiyat hissələrini oğurlayan, içərisində ata-balanın da olduğu dəstədən gedir. Yaxalanan şəxslər və onların əməlləri barədə qarşıdakı süjetdə....
Oktyabrın 8-nə keçən gecə Sumqayıt şəhəri 11-ci mikrorayon ərazisində şəhər sakini Oqtay İbrahimova məxsus “VAZ-2106” markalı avtomobildən akkumulyator oğurlandığı barədə idarəyə məlumat daxil olub. Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Siyəzən rayon sakini, əvvəllər məhkum olunmuş Azər Güləliyev, onun oğlu Vaqif Güləliyev, şəhər sakinləri Rasim Talıbov və əvvəllər məhkum olunmuş Elxan Sultanov tutulublar. Onların oktyabrın 1-dən 7-dək olan müddətdə Sumqayıt şəhəri ərazisində daha 5 avtomobildən oğurluq etdikləri müəyyən edilib. Bundan başqa məlum olub ki, Azər Güləliyev cari ilin iyun-sentyabr ayları ərzində də şəhər ərazisində daha 5 avtomobildən akkumulyator və məişət əşyaları oğurlayıb.
Oğurluq əşyaları alan əlvan metalların qəbulu məntəqəsində işləyən Sumqayıt şəhər sakinləri İxtiyar Quliyev və Qabil Məmmədov da saxlanılıb.
Qeyd edilən faktlarla bağlı Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Zülfiyyə Telmanqızı
- Baxış: 617