Bakıda film kimi qəza olub. Əyləci tutmayan nəqliyyat vasitəsindən tullanan sürücü elə idarə etdiyi yük maşının altında qalıb. Sabirabadda isə yollardan gələn bəla 4 nəfəri canından edib. Qeydə alınan qəzalar haqqında daha ətraflı məlumat qarşıdakı süjetdə...
Sabirabad rayonunun Xəlifəli kəndi ərazisində qəza qeydə alınıb. “Mercedes” markalı minik avtomobili ilə “KamAZ” markalı yük maşını toqquşub. "Mercedes" in sürücüsü, Füzuli rayon sakini, 36 yaşlı Fərman Mustafayevin, 21 yaşlı Elsevər Quluzadənin, 20 yaşlı Səxavət Rəsulzadənin meyiti FHN-nin xilasediciləri tərəfindən avtomobildən çıxarılıb. Qəzada xəsarət alan 21 yaşlı Etibar Eyvazlı xəstəxanada dünyasını dəyişib. Digər xəsarət alan şəxs 22 yaşlı Araz Xənimliyə həkimlər tibbi yardım göstəriblər. Bakıda da ağır yol-nəqliyyat hadisəsi baş verib. Yasamal rayonu, Tbilisi prospektində içi qumla dolu "Howo" markalı yük maşını hərəkətdə olarkən aşıb. Qəza nəticəsində sürücü, İmişli rayon sakini 35 yaşlı Xalid Haqverdiyev dünyasını dəyişib. Onun cəsədi parçalanmış formada müəyyən edilib. Məlumata görə, sürücü hadisədən bir qədər əvvəl atası ilə telefonla danışaraq hərəkətdə olan "Howo" markalı yük avtomobilini saxlaya bilmədiyini bildirib. Hadisə şahidlərinin sözlərinə görə, əvvəlcə yük avtomobilinin təkəri sıradan çıxıb. Nəqliyyat vasitəsinə idarəetməni itirən sürücü avtomobili tərk etmək istəyərkən onun təkəri altında qalıb. Qəza zamanı daha bir nəfərin öldüyü ehtimal edilir. Əraziyə ağır texnika cəlb edilib. Hadisə zamanı aşmış avtomobildən əraziyə dağılmış qumun təmizlənilməsi və ehtimal edilən ikinci cəsədin axtarışları davam etdirilir. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları və kinoloqlar cəlb edilib. İmişli rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.Hadisə Hacıqabul-Horadiz yolunun Gövhərli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Qaradağ rayon sakini Vüsal İbrahimovun sükan arxasında olduğu Pikap tipli avtomobil İmişli sakini Tacir Məmmədovun idarə etdiyi ekskovatora çırpılıb. Qəza nəticəsində pikapın sürücüsü hadisə yerində dünyasını dəyişib.
Goranboy rayonu Xanqərvənd-Qızılhacılı yolunda da qəza olub."VAZ-2106" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb.Nəticədə sürücü - Goranboy rayon sakini 58 yaşlı Hökmdar Həsənov, sərnişinlər- Naftalan şəhər sakini 55 yaşlı Elşad Məmmədov və Goranboy rayon sakini 56 yaşlı Esmira Əzizova müxtəlif xəsarətərlə Goranboy Mərkəzi rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər. Həkimlərin məlumatına görə hər üç xəstənin vəziyyəti orta ağırdır. Faktlarla bağlı araşdırmalar aparılır.
Zülfiyyə Telmanqızı
- Baxış: 605