• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2378
— 06.10.2017 22:37

Şəmkirdə evə basqın edən maskalılar saxlanılıb

KepezTV Player

Şəmkirdə maskalılar evə basqın edib. Ana və övladlarına zor tətbiq edən həmin şəxslər ailənin nəğd pulunu quldurluq yolu ilə ələ keçiriblər. Ancaq hadisəədn cəmi bir gün sonra yaxalanan quldurlar hələ uzun müddət törətdikləri əmələ görə peşman olacaqlar.

Oktyabrın 4-ü saat 21:00 radələrində Şəmkir rayonunun Zəyəm-Cırdaxan kənd sakini  Yeganə Məmmədovanın yaşadığı mənzilə iki nəfər maskalı şəxs daxil olub. Onlar qadından həyat yoldaşı Zahid Məmmədovun Rusiyadan göndərdiyi pulu tələb ediblər və bildiriblər ki, istəklərini yerinə yetirməsə övladları 15 yaşlı Səkinə və 9 yaşlı Əlini öldürəcəklər.

Yeganə Məmmədova - zərərçəkən: “Gözümü açanda gördüm ikisi də qızı döyür. Dedim ki, sizə and verirəm Allaha, uşağa dəyməyin, nə istəyirsiz deyin verim. Nə edirsiz mənə edin. Bir də deyin görüm siz nəyə gəlibsiz. Qayıtdı dedi ki, uşağı sakitləşdir, bir də pul, qızıl ver. Pul, qızıl verməsəz sizi öldürəcəyik. Biz pula və qızıla gəlmişik. Dedim yaxşı verəcəm, mənim uşağımı buraxın”.

Məmmədovların evindən 140 manatı və 10000 Rus rublunu quldurluq yolu ilə ələ keçirən şəxslər ünvanı tərk ediblər. Hadisə ilə əlaqədar Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə məlumat daxil olduqdan sonra Şəmkir rayon polis şöbəsinin əməliyyat qrupu Yeganə Məmmədovanın yaşadığı mənzilə gəlib. Zərərçəkənin və ətrafda yaşayan qonşuların izahatı alındıqdan sonra şübhəli kimi Zəyəm-Cırdaxan kənd sakinləri, əvvəllər məhkum olunmuş 35 yaşlı Toğrul və 21 yaşlı İlkin Babayevlər şöbəyə dəvət olunub. Onlar törətdikləri cinayət əməlini etiraf ediblər.

Elvin Gözəlov - müstəntiq: “Şəmkir rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində cinayətin üstü isti izlərlə açılıb. Cinayəti törətməkdə şübhəli bilinən Zəyəm-Cırdaxan kənd sakinləri Babayev Toğrul Vidadi oğlu və Babayev İlkin Telman oğlu şübhəli şəxs kimi tutularaq istintaqa təqdim olunub. Onların quldurluq yolu ilə əldə etdikləri pul yaşadıqları mənzildən aşkar olunaraq götürülüb”.

Saxlanılan İlkin Babayev həmkəndlisi ilə cinayəti hələ 15 gün əvvəl planlaşdırdıqlarını, ancaq sonradan bu fikirdən  daşındıqlarını deyib. Köhnə xəyallara qayıtmalarını isə şeytanın ayağına yazıb.

İlkin Babayev - saxlanılan şəxs: “Qapını təpiklə vurub açdıq. İçəri girdik. Mən qaranlıq olduğuna görə görmədim nə idi. Atdım gəlinə dəydi. Harasına dəydiyini dəqiq deyə bilmərəm. Sonra dedi ki, pulu verim çıxın gedin. Bir az da qışqır-bağır salırdı. Pulu götürüb qaçdıq. Evin üst yanında meşəlik vardı. Oradan çay keçirdi. Əlcəklə maskanı da həmin çaya atdıq”.

Hazırda hər iki şəxsin barəsində cinayət məcəlləsinin müvafiq maddələri ilə iş başlanılıb. İstintaq aparılır.

 

Natiq Hüseyn