Şamaxıda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Hadisə bu gün səhər saatlarında Baki-Şamaxı-Yevlax avtomobil yolunun 126-cı km -ində qeydə alınıb. 24 yaşlı Elmar Süleymanov “Mersedes” markalı avtomobillə hərəkətdə olarkən idareetməni itirib. Nəticədə maşın yoldan çıxaraq 10 metr dərinlikdə dərəyə yuvarlanıb. Qəza nəticəsində sürücü və onun sərnişinləri - 32 yaşlı Oktay Dadaşov, 29 yaşlı Aynur Cəlilova müxtəlif bədən xəsarətləri ilə Şamaxı Mərkəzi rayon Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdiriliblər. Xəstələrin vəziyyəti qənaətbəxş hesab olunur.
Bakının Nəsimi rayonu ərazisində isə piyadavurma qeydə alınıb. Rəşid Behbudov küçəsində 88 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu yol kənarında dayanan 25 yaşlı Aqşin Mənsimovu vurub. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb. Hadisə barədə Nəsimi Rayon Polis İdarəsinə məlumat verilib. Polis əməkdaşları avtobusun sürücüsünü saxlayıblar.
Daha bir qəza Göygölün Üçtəpə kəndində yaşanıb. Kənd sakini Nəcibə Məmmədova Əli adlı şəxsin idarə etdiyi “Niva” markalı avtomobil tərəfindən vurulub. Zərərçəkən yaxınlıqdakı insanların köməkliyi ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Qadına yardım edilib, ambulator müalicə üçün evə buraxılıb. Faktlarla bağlı araşdırmalar aparılır.
Xaliq Qurbanlı
- Baxış: 533