Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi əməkdaşları çoxmərtəbəli yaşayış binalarından birinin zirzəmisindən su ventillərini oğurlamağa cəhd göstərən Ağstafa rayon sakini Xəyal Rəfiyevi saxlayıblar. Ətrafında aparılan tədbirlərlə onun başqa bir şəxslə birlikdə rayonun Mir Cəlal küçəsindəki çoxmərtəbəli yaşayış binalarından 9-nun zirzəmisindən ümumilikdə 42 ədəd istilik sistemi diyircəklərini oğurladığı müəyyən edilib. Ağdaş rayon sakini Yasər Bayramov da tutulub. Saxlanılan şəxslər oğurluğu əlvan metal əldə edib, satmaq niyyəti daşıdıqlarını və oğurluq ventilləri Yasamal rayonu ərazisindəki metal qəbulu məntəqələrindən birinə satdıqlarını bildiriblər.
Polis əməkdaşları tərəfindən maddi sübutlar metal qəbulu məntəqəsindən aşkar edilərək götürülüb. Faktla əlaqədar Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Zülfiyyə Telmanqızı
- Baxış: 1041