Futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun oyunları keçirilir. Hesabat turunda “Kəpəz” səfərdə “Qəbələ”nin qonağı olub. Ardıcıl uğursuz oyunlardan sonra “sarı-göylər” toparlanmağı bacarıblar. Gəncə klubu sensasiyalı şəkildə səfərdə qələbə qazanıb. Son illərdə qəbələlilərin başağrısına çevrilən Nizami yurdunun təmsilçisi ilk dövrənin son matçında 0:2 hesabı ilə qalib gəlib. “Kəpəz”ə ikinci hissədə vurulan qollar üç xal gətirib. Əvvəlcə künc zərbəsindən göndərilən topu Kərim Diniyev başı ilə qapıdan keçirib. Bir qədər sonra isə İlkin Sadıqov hücumu qolla tamamlayaraq hesab arasındakı fərqi artırıb. Bu, “Kəpəz”in cari mövsümdə ilk qələbəsi olub. Qalibiyyətə baxmayaraq hesabında 4 xalı olan Gəncə klubu yenə turnir cədvəlində sonuncudur.
Şahin Diniyev: “Uşaqlara təşəkkür edirəm. Çox xallar itirmişik, bundan sonra çalışacağıq ki, uğurlu çıxış edək. Sonuncu yer Gəncə futboluna yaraşmır. Klub rəhbərliyinə və azarkeşlərə minnətdaram ki, həm mənim, həm də komandanın arxasında durdular. Biz də onların inamını, etimadını doğrultmağa çalışdıq. “Qəbələ”yə də oyuna görə təşəkkür edirəm, bu gün biz imkanlardan istifadə edib qələbə qazandıq. Taktiki cəhətdən düzgün oynadıq”.
Azad Rəfi
- Baxış: 563