Google şirkəti Hindistan bazarı üçün Tez adlı tətbiqetmə işləyib hazırlayıb. Maraqlıdır ki, bu sözün hindcədən tərcüməsi Azərbaycan dilində olduğu kimi elə “tez, sürətli” deməkdir. Proqram bir cihazdan digərinə sürətli şəkildə pul köçürmək qabiliyyətindədir. Bu tətbiqetmə hətta köhnə smartfonlarda da keçərlidir. Tezdə audio-QR texnologiyasından istifadə olunur. Hər iki telefonda “nağd pullar rejimi” işə düşdükdə cihazlar arasında naqilsiz rabitə yaranır, pul göndərən və qəbul edənin kimliyi isə insan qulağı ilə eşidilməyən ultrasəs tezlikləri ilə müəyyən olunur. Yeni funksiya hər hansı şəxsi məlumat, bank hesabı və ya telefon nömrəsi tələb etmir, sanki pulu əldən-ələ verir. Köçürülmələr Hindistanın 55 bankı tərəfindən dəstəklənən universal ödəniş interfeysi (UPI) tərəfindən həyata keçirilir. Əməliyyatlar messencerdə olduğu kimi dialoq şəklində qorunub saxlanılır. Ödəniş proqramının hindistanlı izləyicilərin və kiçik bizneslə məşğul olanların böyük marağına səbəb olacağı gözlənilir.
Cavanşir Məmmədzadə
- Baxış: 350