• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 878
— 25.09.2017 12:52

Atletimizdən rekordla çempionluq

Kosovanın paytaxtı Priştinada 15 və 17 yaşadək yeniyetmə ağırlıqqaldıranlar arasında keçirilən Avropa çempionatında Azərbaycan millisinin daha 2 üzvü "körpücük" üzərinə çıxıb. Murad Əliyev və Rüstəm Qasımov 15 yaşadək atletlərin 56 kq çəki dərəcəsində medal mübarizəsinə qoşulublar.

Əliyev birdən qaldırmada hər üç yanaşmasını uğursuz başa vuraraq, bu hərəkəti sıfır nəticə ilə bitirib. O, təkanla 105 kq-ı ram etməyi bacarıb və bu hərəkətdə 9-cu olub.

Qasımov isə birdən qaldırma hərəkətində hər üç yanaşmasını uğurla yerinə yetirib. Ardıcıl olaraq, 92 kq, 96 kq və 100 kq-ı ram edən atlet bu hərəkətdə Avropanın ən yaxşısı olub. Üstəlik, o, 100 kq-ı başı üzərinə qaldırmaqla birdən qaldırma hərəkətində türkiyəli Toptaş Caner məxsus olan Avropa rekordunu (99 kq) yeniləməyi bacarıb.

Yeniyetmə atlet təkanla qaldırmada isə növbə ilə 112 kq, 118 kq və 121 kq-ı başı üzərinə qaldıraraq, Avropada hamıdan güclü olduğunu sübuta yetirib. Toplamda 221 kq (100+121) nəticə əldə edən Rüstəm Qasımov yeniyetmələr arasında Avropa çempionu tituluna yiyələnib. O, ötən ilki çempionatda bürünc medal əldə etmişdi. 

Qeyd edək ki, Avropa çempionatında 40-dək ölkədən 305 atlet (175 oğlan və 130 qız) mübarizə aparır. 

 

 

Orxan Cəfərzadə